Mbappe Arbeloanı açıq şəkildə tənqid etdi: “Mən dördüncü hücumçuyam”

15 May 2026 10:18
165
Mbappe Arbeloanı açıq şəkildə tənqid etdi: “Mən dördüncü hücumçuyam”

Fransalı hücumçu Kilian Mbappe “Real”ın İspaniya La Liqasında “Oviedo” üzərində 2:0 hesablı qələbəsindən sonra niyə ehtiyatda qaldığını açıq şəkildə izah edib və madridlilərin baş məşqçisi Alvaro Arbeloanın sərt reaksiyasına səbəb olub.

İdman.Biz “Reuters”ə istinadən xəbər verir ki, “Real” azarkeşləri 69-cu dəqiqədə Qonsalo Qarsiyanın əvəzinə meydana daxil olan fransalı futbolçunu fitlə qarşılayıblar. Oyundan sonra hücumçu jurnalistlərlə söhbətində məşqçinin qərarlarını bir neçə dəfə tənqid edib.

“Niyə əsas heyətdə meydana çıxmadım? Məşqçidən soruşun. Mən 100 faiz sağlamam və start heyətində oynamağa hazır idim. Amma məşqçi dedi ki, mən heyətdə Qonsalo, Vinisius və Mastantuonodan sonra dördüncü hücumçuyam. Qonsalo, Mastantuono və Vinidən yaxşı olmaq üçün məşqlərdə çox işləməli olacağam”, - Mbappe bildirib.

Fransalı futbolçu bununla kifayətlənməyib və Xabi Alonsonun gedişindən sonra komanda daxilində problemlərin olduğuna işarə edib.

“Xabi ilə münasibətlərim əla idi. Bunu hamı bilir. Mövsümün əvvəlində bizim oyun üslubumuz və strukturumuz var idi, amma sonra mövsümün ikinci yarısında hər şeyi itirdik. Heç bir ad çəkməyəcəyəm. Mən yalnız klubu düşünürəm”, - hücumçu deyib.

Mbappe oyun vaxtı ətrafındakı tənqidlərdən danışarkən daha bir sərt fikir səsləndirib.

“Mövsümün birinci yarısında insanlar deyirdilər ki, mən çox oynayıram və istirahət etməliyəm. İndi isə deyirlər ki, oynamaq istəmirəm. Bəs bunun mənası nədir? Artıq qərar versinlər”, - futbolçu qeyd edib.

Fransalı futbolçu “Real”ın Kral Kubokundakı məğlubiyyətini də xatırladıb.

“Mənə deyirdilər ki, hər matçda 90 dəqiqə oynamağın mənası yoxdur. Sonra Kral Kubokunun “Albasete” ilə oyununa getdik, mən oynamadım və biz mübarizəni dayandırdıq”, - Mbappe bildirib.

Bundan başqa, hücumçu zədədən bərpa dövründə İtaliyaya səfərinə də münasibət bildirib. Daha əvvəl fransalı futbolçunun orada aktrisa Ester Eksposito ilə birlikdə istirahət etdiyi, “Real”ın bəzi futbolçuları və azarkeşlərinin isə Mbappenin davranışından narazı qaldığı bildirilirdi.

“Klub icazə vermişdi və İspaniyanı tərk edən yeganə futbolçu mən deyildim”, - Mbappe vurğulayıb.

Qeyd edək ki, 27 yaşlı hücumçu apreldə aldığı dizaltı vətər zədəsindən sonra bərpa olunur. O, bu mövsüm bütün turnirlərdə 42 oyun keçirib, 41 qol vurub və yeddi məhsuldar ötürmə edib.

İdman.Biz