“Mançester Yunayted” Reşford üçün endirimə getmir

15 May 2026 09:41
134
“Mançester Yunayted” Reşford üçün endirimə getmir

İspaniyanın “Barselona” futbol komandasında icarə əsasında çıxış edən 28 yaşlı hücumçu Markus Reşfordun Kataloniya təmsilçisində qalmaq planı sual altına düşüb.

İdman.Biz xəbər verir ki, İngiltərənin “Mançester Yunayted” futbol klubu futbolçunun transfer qiymətində güzəştə getmək istəmir. Mançester təmsilçisi Reşfordun icarə müqaviləsində nəzərdə tutulan 26 milyon funtluq (59,06 milyon AZN) satınalma bəndindən aşağı təklifi qəbul etməyəcək.

“Barselona” maliyyə durumuna görə bu məbləği azaltmağa çalışır. Kataloniya klubu futbolçunu heyətində saxlamaq istəsə də, “Mançester Yunayted” satışdan əldə olunacaq vəsaiti yay transferlərində istifadə etməyi planlaşdırır.

“Mançester Yunayted”in sabiq baş skautu Mik Braun bildirib ki, 26 milyon funt Reşford səviyyəsində futbolçu üçün “sərfəli qiymət” sayılır və klub bundan aşağı məbləğə razılaşmayacaq. Onun sözlərinə görə, digər Avropa klublarının da - PSJ, “Nyukasl” və “Tottenhem” - futbolçu ilə maraqlanması İngiltərə təmsilçisinin mövqeyini gücləndirir.

Qeyd edək ki, ingiltərəli hücumçu ötən yay Ruben Amorimlə münasibətlərində yaranan gərginlikdən sonra “Mançester Yunayted”dən ayrılıb. Klubda Maykl Karrikin iş başına keçməsi isə Reşfordun geri dönüş ehtimalını yenidən aktuallaşdırır.

İdman.Biz