Braziliyanın “Santos” futbol komandasının hücumçusu Neymarın 2026-cı il Dünya Çempionatında iştirak edəcəyi bildirilir.
İdman.Biz xəbər verir ki, Braziliya millisinin baş məşqçisi Karlo Ançelottinin 34 yaşlı hücumçunu mundial üçün heyətə daxil etməyə qərar verdiyi qeyd olunur. Braziliyanın yekun heyətinin 18 mayda açıqlanması planlaşdırılır.
Daha əvvəl “Globo” Neymarın 55 nəfərlik genişləndirilmiş siyahıya daxil edildiyini yazıb. Lakin bu, onun yekun heyətdə yer alacağına tam zəmanət vermir. Bunun üçün futbolçu fiziki hazırlığını təsdiqləməlidir.
Ançelotti də Neymarla bağlı qərarın ilk növbədə futbolçunun fiziki durumundan asılı olduğunu bildirib. İtaliyalı mütəxəssis onun istedadının müzakirə olunmadığını, əsas meyarın meydanda göstərdiyi forma və hazırlıq səviyyəsi olduğunu vurğulayıb.
Neymar 2023-cü ilin payızından Braziliya millisində oynamayıb. Braziliya Dünya Çempionatının qrup mərhələsində Mərakeş, Haiti və Şotlandiya ilə qarşılaşacaq.
