“Bəlkə də karyeramda keçirdiyim ən yaxşı mövsümdür. Mövsümü iki kubokla taclandırdıq. Buna görə çox xoşbəxtəm”.
Bunu “Sabah”ın xorvatiyalı futbolçusu İvan Lepinitsa deyib.
27 yaşlı yarımmüdafiəçi “qızıl dubl” etdikləri 2025/2026 mövsümünü karyerasının ən gözəl və unudulmaz adlandırıb.
Lepinitsa Azərbaycan Kubokunun finalında “Zirə”ni 2:1 hesabı ilə məğlub etdikləri oyunla bağlı təəssüratlarını belə ifadə edib.
“Düşünürəm ki, çox ağır oyun oldu. “Zirə” erkən fərqləndi. Demək olar ki, qoldan sonra müdafiəyə çəkildilər. Biz isə qol vurduqdan sonra işlərimiz bir az da asanlaşdı. 70-ci dəqiqəyə qədər hesabda geridə olsaq da, uduzmaq barədə düşünmədik. Sadəcə məqsədimiz hesabı bərabərləşdirmək idi. Birinci hissədə yaxşı qol fürsətlərimiz vardı, amma yararlana bilmədik. Hesab edirəm ki, meydanda ən yaxşı komanda biz idik. Layiq olan komanda da qalib gəldi”, - deyə o, teleqraf.az-a açıqlamasında söyləyib.
Cari mövsümdəki yaxşı performansı ilə diqqət çəkən futbolçu “Sabah”dakı gələcəyi barədə isə bunları deyib:
“Hazırda mövsüm bitməyib. Ona görə bu barədə düşünmək istəmirəm. Mövsüm bitdikdən sonra nələrsə danışmaq olar. Hazırda daha çox istirahəti fikirləşirik. Buna ehtiyacımız var”.
Qeyd edək ki, “Sabah” 2024-cü ildə Xorvatiyanın “Slaven Belupo” klubundan transfer etdiyi İvan Lepinitsa ilə 3+1 illik müqavilə imzalayıb.
