İspaniyanın “Barselona” futbol komandasının hücumçusu Robert Levandovski klubdan ayrılmağa yaxınlaşır.
İdman.Biz xəbər verir ki, tərəflər arasında yeni müqavilə ilə bağlı danışıqlar dayanıb. Kataloniya klubu yeni təklif göndərməsə, 37 yaşlı forvard mövsümün sonunda azad agent statusu ilə komandadan ayrılacaq.
Levandovskinin müqaviləsi 30 iyun 2026-cı ildə başa çatır. Hücumçuya Səudiyyə Ərəbistanı Pro Liqası, MLS və A Seriyası klublarından maraq olduğu bildirilir. Polşa mediası Səudiyyə Ərəbistanı variantının prioritet istiqamətlərdən biri kimi nəzərdən keçirildiyini yazır.
MLS təmsilçilərindən “Çikaqo Fayr”ın da futbolçu ilə maraqlandığı iddia olunur. Məlumata görə, ABŞ klubu polşalı ulduza yüksək məbləğli müqavilə təklif etməyə hazırdır.
Xatırladaq ki, Levandovski “Barselona”ya 2022-ci ildə Almaniyanın “Bavariya” futbol klubundan keçib. Dörd il ərzində o, Kataloniya təmsilçisi ilə üç dəfə İspaniya çempionu olub, bir dəfə İspaniya Kubokunu və üç dəfə İspaniya Superkubokunu qazanıb. 131 oyunda 82 qol vurub.
