Jerar Pikeyə 200 minlik cərimə şoku

12 May 2026 18:13
154
Jerar Pikeyə 200 minlik cərimə şoku

“Barselona” və İspaniya millisinin sabiq futbolçusu Jerar Pike insayder məlumatından istifadə edərək səhm alqı-satqısı apardığına görə 200 min avro (400 min AZN) məbləğində cərimələnib.

İdman.Biz xəbər verir ki, İspaniyanın Qiymətli Kağızlar Bazarı üzrə Milli Komissiyası (CNMV) sabiq müdafiəçini “çox ciddi pozuntu”ya yol verməkdə təqsirli bilib. Rəsmi qərara əsasən, Pike 2021-ci il yanvarın 20-də “Aspy Global Services” şirkətinin 104 166 səhmini alıb. Həmin vaxt o, “Atrys Health” şirkətinin “Aspy Global Services”i almaqla bağlı danışıqlar aparması barədə ictimaiyyətə açıqlanmayan məlumatı əvvəlcədən əldə edib.

Məlumat rəsmi olaraq yanvarın 22-də açıqlanıb. Bundan sonra “Aspy Global Services”in səhmləri bahalaşıb və Pike yanvarın 27-də həmin səhmləri sataraq iqtisadi gəlir əldə edib. “Financial Times”ın yazdığına görə, bu müddətdə səhmlərin dəyəri təxminən 20 faiz artıb.

İddia olunur ki, məxfi məlumatı futbolçuya iş adamı Fransisko Xose Elias Navarro ötürüb. CNMV onu da qanunsuz şəkildə insayder məlumatını paylaşdığına görə 100 min avro (200 min AZN) məbləğində cərimələyib.

İdman.Biz