“Cohor” dünya rekorduna çatdı: 108 oyunluq məğlubiyyətsiz seriya

12 May 2026 17:58
150
“Cohor” dünya rekorduna çatdı: 108 oyunluq məğlubiyyətsiz seriya

Malayziyanın “Cohor Darul Tazim” futbol komandası ölkə çempionatında beş ildir məğlub olmur.

İdman.Biz xəbər verir ki, klub Superliqanı 108 oyunluq məğlubiyyətsiz seriya ilə başa vuraraq dünya rekordunu təkrarlayıb. Bu göstərici ötən əsrdən Fil Dişi Sahilinin “ASEK Mimozas” klubuna məxsus idi. Afrika təmsilçisi 1989–1994-cü illərdə çempionatda 108 oyun uduzmayıb.

“Cohor Darul Tazim” 12-ci dəfə ardıcıl Malayziya çempionu olub. Komanda mövsümdə 24 oyunun 23-də qalib gəlib, bir dəfə heç-heçə edib və 117 qol vurub. Bu, hər oyuna orta hesabla təxminən beş qol deməkdir.

Çempion son turda da rəqibinə aman verməyib. “Cohor Darul Tazim” “Kelantan TRW” komandasını 14:1 hesabı ilə darmadağın edərək mövsümün ən böyük qələbəsini qazanıb.

Malayziya nəhəngi çempionatda sonuncu dəfə 2021-ci ilin aprelində məğlub olub. Növbəti mövsümün birinci turunda uduzmasa, “Cohor Darul Tazim” dünya rekordunun tək sahibinə çevriləcək.

Klub səfər oyunlarında da tarixi göstəriciyə imza atıb. “Cohor Darul Tazim” 2018-ci ildən bəri çempionatda səfərdə 85 oyundur məğlub olmur.

Bu hegemonluğun əsas səbəblərindən biri böyük maliyyə imkanları və klubun son illərdə güclü investisiya layihəsinə çevrilməsidir. “AS” nəşri yazır ki, layihə 2013-cü ildən şahzadə Tunku İsmayıl İdrisin rəhbərliyi altında inkişaf etdirilib, infrastruktura, akademiyaya və idarəetməyə ciddi yatırımlar edilib.

Bununla belə, klubun daxili çempionatdakı total üstünlüyü beynəlxalq arenada eyni səviyyədə davamlı hegemonluğa çevrilməyib. “Cohor Darul Tazim” 2015-ci ildə AFC Kubokunu qazansa da, Asiyanın ən yüksək səviyyəli klub turnirində hələ əsas favoritlər sırasında sabit yer tuta bilməyib.

İdman.Biz