Yaponiyada futbol millisini ayağa qaldıracaq layihə

12 May 2026 13:10
112
Yaponiyada futbol millisini ayağa qaldıracaq layihə

Yaponiya Futbol Assosiasiyası (JFA) 16 yaşadək yapon əsilli futbolçuların aşkarlanması üçün yeni layihəyə start verib.

İdman.Biz xəbər verir ki, layihə “JFA SCO GROUP Future Camp inspired by Blue Lock” adlanır. Məqsəd xaricdə yaşayan, yapon əsilli perspektivli futbolçuları üzə çıxarmaq və onları Yaponiya futbolunun inkişaf sisteminə cəlb etməkdir.

İlk “Future Camp” 3–6 avqust 2026-cı ildə ABŞ-nin Kaliforniya ştatındakı İrvayn şəhərində keçiriləcək. Düşərgəyə 1 yanvar 2010 - 31 dekabr 2011-ci il aralığında doğulan futbolçular dəvət olunacaq. Namizədlər Yaponiya vətəndaşlığına malik olmalı, valideynlərindən ən azı biri yapon olmalı və ya gələcəkdə Yaponiya vətəndaşlığı almaq hüququna sahib olmalıdır.

Layihə məşhur futbol anime və manqası “Blue Lock”dan ilhamlanıb. Əsərdə Yaponiya millisinin uğursuzluğundan sonra gənc futbolçular xüsusi düşərgəyə toplanır və ölkənin əsas hücumçusu olmaq uğrunda mübarizə aparırlar. Yeni layihə də bu ideyanı real futbola uyğunlaşdıraraq xaricdə yetişən yapon əsilli oyunçular üçün seçim platforması yaratmağı hədəfləyir.

JFA prezidenti Tsuneyasu Miyamoto bildirib ki, futbol artıq sərhədsiz xarakter alır və yapon futbolçularının yalnız ölkə daxilində inkişaf etdiyi dövr geridə qalıb. Onun sözlərinə görə, bu təşəbbüs dünyanın müxtəlif yerlərində yetişən istedadlarla əlaqə qurmağa və onların Yaponiya futbol sisteminə inteqrasiyasına kömək edəcək.

Düşərgədə seçilmiş futbolçular JFA məşqçilərinin nəzarəti altında məşqlər, yoxlama oyunları, fiziki və texniki testlərdən keçəcəklər. Təşkilatçılar ilk mərhələdən sonra layihəni Avropa, Asiya və digər regionlara da genişləndirməyi planlaşdırırlar.

İdman.Biz