İspaniya futbolunda rekord qeydə alınıb. İspaniyanın beşinci divizionunda çıxış edən “Koluqnа” futbol komandasının heyətində meydana çıxan 70 yaşlı Anhel Mateos ölkənin ən yaşlı futbolçusu olub.
İdman.Biz xəbər verir ki, əslən Asturiyadan (İspaniyanın şimal-qərb hissəsində yerləşən muxtar vilayət) olan qapıçı peşəkar karyerasını hələ 43 yaşında başa vurub.
Tələbəlik illərindən yerli klublarda çıxış edən Mateos uzun illər idmanı şaxtada işləməklə birlikdə davam etdirib. Lakin illər keçsə də, idmana olan sevgisi sönməyən ispan veteran hər zaman özünü əla formada saxlayıb. Asturiya futbolunun əfsanəsi hesab olunan qapıçıya “Koluqnа” rəhbərliyindən gələn təklif onu yenidən yaşıl meydanlara qaytarıb.
Çempionat matçına start heyətində başlayan qocaman qolkiper meydanda tam 27 dəqiqə keçirib. O, hesab 0:1 olarkən alqışlar sədaları altında əvəzlənib. Görüşün sonunda komandası 0:2 hesabla məğlub olsa da, Anhel Mateosun nümayiş etdirdiyi əzm hər kəsin böyük hörmətinə səbəb olub.
