Braziliyanın “Santos” futbol komandasının məşqində Neymar və kiçik Robinyo arasında gərginlik yaşanıb. Hadisə gənc futbolçunun ulduz oyunçunu aldadıcı fəndlə keçməsindən sonra baş verib.
İdman.Biz GE nəşrinə istinadla xəbər verir ki, Neymar kiçik Robinyonun onu fəndlə keçməsindən qəzəblənib və bunu özünə qarşı hörmətsizlik kimi qəbul edib. Təcrübəli hücumçu gənc oyunçudan “ehtiyatlı olmasını” xahiş etdikdən sonra tərəflər arasında mübahisə və itələmələr yaranıb. Hadisə şahidlərindən biri 10 nömrəli futbolçunun gənc həmyerlisinin üzünə şillə vurduğunu da bildirib.
Məlumata görə, əsəblərini cilovlaya bilməyən Neymar kiçik Robinyonun ayağına zərbə endirərək onu yerə yıxıb. Hadisədən sonra zərərçəkənin nümayəndələri “Santos”un rəhbərliyinə şikayət ediblər.
Neymar artıq gənc futbolçudan üzr istəyib və mənbələr vəziyyətin artıq yoluna qoyulduğunu qeyd ediblər.
