Jurnalist Aleksandr Troitski Qazaxıstan milli komandasının qapıçısı Stas Pokatilovun Azərbaycanın “Sabah” futbol komandasındakı uğurlu çıxışını dəyərləndirib və onun gələcəyi ilə bağlı məlumat paylaşıb.
İdman.Biz xəbər verir ki, jurnalist “Sabah”ın ilk dəfə Azərbaycan çempionu olmasında qazaxıstanlı qolkiper Stas Pokatilovun zəhmətinin heç də az olmadığını vurğulayıb.
O, Pokatilovun meydana çıxdığı 29 matçda qapısını 13 dəfə toxunulmaz saxladığını və cəmi 21 qol buraxdığını qeyd edib. Bundan əlavə, özbəkistanlı yarımmüdafiəçi Umarali Raxmonaliyevin də iki qol və üç məhsuldar ötürmə ilə yadda qaldığını deyib:
“Raxmonaliyevin klubla 2028-ci ilə qədər müqaviləsi olduğu üçün onun Çempionlar Liqasında çıxış edəcəyi dəqiqdir. Qazaxıstanlı qapıçının müqaviləsi isə bu yay başa çatır. Baş məşqçi Valdas Dambrauskasın onun çıxışından razı qaldığı və müqavilənin müddətinin uzadılması ehtimalının yüksək olduğu bildirilir. Buna baxmayaraq, Qazaxıstan Premyerliqası klubları da təcrübəli qapıçını heyətinə qatmaqda maraqlıdırlar”.
