“Arsenal”ın əfsanəvi futbolçusu Robert Piresdən “Atletiko”ya xəbərdarlıq

4 May 2026 10:11
161
“Arsenal”ın əfsanəvi futbolçusu Robert Piresdən “Atletiko”ya xəbərdarlıq

İspaniyanın “Atletiko” futbol komandası ilə qarşılaşma öncəsi İngiltərənin “Arsenal” futbol komandasının əfsanəsi Robert Pires rəqibə xəbərdarlıq edib.

İdman.Biz EFE agentliyinə istinadla xəbər verir ki, fransalı ulduz “Emireyts” stadionunda rəqibi çətin gecənin gözlədiyini bildirib. Pires xatırladıb ki, “Atletiko” artıq bu mövsüm Londonda ağır məğlubiyyətlə üzləşib.

“Onlar bilirlər ki, bura gəlmək çətin olacaq. Çünki ötən ilin oktyabrında burada 4:0 hesabı ilə uduzublar. Rəqib çox qaçmalı olacağını və “Arsenal”ın topu onlara vermək istəməyəcəyini yaxşı bilir”, - deyə Pires qeyd edib.

Keçmiş yarımmüdafiəçi ilk oyunda Ebereçi Eze ilə bağlı yaşanan penalti mübahisəsinə də toxunub:

“Əgər Ezenin başına gələnlər “Atletiko”nun oyunçusu ilə yaşansaydı, penalti verilərdi. Bu, “Arsenal”ın əleyhinə verilmiş yanlış qərar idi. Lakin bu çərşənbə axşamı vəziyyət “Atletiko”nun əleyhinə çevrilə bilər”.

Pires həmçinin London klubunun prioritetlərindən danışaraq, İngiltərə Premyerliqasının komanda üçün hər zaman birinci yerdə olduğunu vurğulayıb. O, həm Mikel Arteta, həm də Dieqo Simeone haqqında müsbət fikirlər səsləndirib:

“Hər ikisi çox yaxşı məşqçidir. Simeone artıq titullar qazanıb, Arteta isə hələ yox. Onlar arasındakı əsas fərq budur”.

Komandalar arasındakı ilk görüş 1:1 hesabı ilə başa çatıb. Cavab qarşılaşması mayın 5-də Londonda keçiriləcək.

İdman.Biz