“Mövsüm hələ bitməyib, amma indiyə qədər düşünürəm ki, mənim üçün müsbət keçir”.
Bunu “Şamaxı”nın futbolçusu Dioqo Balau futbolinfo.az -a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik.
– Mövsümü komanda üçün necə dəyərləndirirsiniz?
– Normal mövsüm idi. Daha yaxşı ola bilərdi. Elə oyunlarımız oldu ki, son dəqiqələrdə uduzduq və düşünəndə həmin oyunlar bizi turnir cədvəlində daha yuxarı pillələrə qaldıra və avrokuboklara vəsiqə uğrunda mübarizəyə daşıya bilərdi. Yəni pis deyil, amma daha yaxşı da ola bilərdi.
– Növbəti turda “Sabah”la qarşılaşacaqsınız. Onlar Şamaxıda sizi udsalar, çempionluğu təmin edəcəklər. Çalışacaqsınız ki, buna mane olasınız?
– Əlbəttə, onlar çempionluğu təmin etməyə çalışacaqlar. Amma biz də buradayıq ki, onlara qarşı xallar qazanaq və mövsümün sonuna qədər işlərini bir az daha çətinləşdirək.
– Özünüz üçün mövsümü necə dəyərləndirirsiniz? Azərbaycandan və ya başqa ölkədən təklif almısan?
– Mövsüm hələ bitməyib, amma indiyə qədər düşünürəm ki, mənim üçün müsbət keçir. Əlbəttə, daha yaxşı ola bilərdi, ümumilikdə müsbətdir. Təkliflərə gəlincə, bilmirəm, hələ bu barədə agentimlə danışmamışam.
