İspaniyanın “Almeriya” futbol komandasının 25 faizlik səhminə sahib olan Kriştianu Ronaldu klubun gələcəyi ilə bağlı səs-küylü planını açıqlayıb. Portuqaliyalı ulduz komandanın La Liqaya yüksələcəyi təqdirdə heyətin Kazemiro ilə gücləndirilməsini təklif edib.
İdman.Biz xəbər verir ki, hazırda İspaniya ikinci divizionunda 67 xalla ikinci pillədə qərarlaşan “Almeriya” birbaşa elitaya qayıtmaq üçün mübarizə aparır. Ronaldu hesab edir ki, komandanın yüksək liqada möhkəmlənməsi üçün Kazemiro kimi təcrübəli və qalib ruhlu futbolçulara ehtiyac var.
Məşhur hücumçunun bu tövsiyəsi təsadüfi deyil. O, "Santyaqo Bernabeu"da birlikdə böyük uğurlar qazandığı braziliyalı yarımmüdafiəçini layihənin mərkəzində görmək istəyir. Ronaldunun fikrincə, əgər “Almeriya” elitaya qayıdışını rəsmiləşdirsə, Kazemironun transferi klubu dünya futbolunun diqqət mərkəzinə gətirəcək.
Hazırda “Mançester Siti”də çıxış edən 34 yaşlı Kazemironun müqaviləsi bu ilin iyununda başa çatır. Azad agent statusu alacaq braziliyalı futbolçu İngiltərə Premyerliqasında keçirdiyi bu mövsümdə doqquz qol və iki məhsuldar ötürmə ilə yadda qalıb. Onunla Lionel Messinin "İnter Mayami"si və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu da yaxından maraqlanır.
Lakin Kazemiro üçün 2026-cı il Dünya Çempionatı öncəsi yaxşı tanıdığı İspaniya çempionatına qayıtmaq ideal seçim ola bilər. O, burada həm yüksək rəqabət şəraitində çıxış edə, həm də "Almeriya"nın iddialı layihəsinin liderinə çevrilə bilər.
