Xavi Rafinyanın oyunda tez əvəzlənməsinin sirrini açıqlayıb

26 Aprel 2026 12:10
400
Xavi Rafinyanın oyunda tez əvəzlənməsinin sirrini açıqlayıb

İspaniyanın “Barselona” futbol komandasının sabiq baş məşqçisi Xavi Ernandes braziliyalı hücumçu Rafinyanın transferi və komandadakı çıxışı barədə maraqlı detalları bölüşüb. O, futbolçunun transferini hələ Qətərdə çalışdığı dövrdən planlaşdırdığını etiraf edib.

İdman.Biz xəbər verir ki, mütəxəssis Rafinyanın oyun keyfiyyətlərini yüksək qiymətləndirsə də, əvəzetmələrin taktiki zərurətdən qaynaqlandığını bildirib.

Xavi Rafinyanı kluba məhz özünün təklif etdiyini vurğulayıb:

“Rafinyanı mən transfer etmişəm və kluba bu barədə göstərişi də mən vermişəm. Hələ Qətərdə “Əl-Sədd” komandasında işləyərkən onu Portuqaliyadan gətirmək istəyirdim, lakin o, Avropada qaldı. Sonradan “Barselona”da Jordi Kroyff və Mateu Alemaniyə onun mütləq alınmalı olduğunu dedim. Çünki o, qalib ruhlu, fərdi mübarizələrdə güclü və qol vurmağı bacaran oyunçudur”.

Məşqçi futbolçunun tez-tez əvəzlənməsi ilə bağlı yaranan suallara da aydınlıq gətirib:

“Məşqçi başa düşməlidir ki, matçın gedişatı məhsuldarlıqdan asılıdır. Əgər oyunun alınmırsa, mən başqa birini meydana buraxmalıyam. Rafinya ilə məşqlərin birində çox səmimi söhbətimiz olmuşdu. O, tez əvəzləndiyi üçün məyus idi. Mən ona dedim: “Rafa, biz səninlə beş illik müqavilə imzalamışıq, sakit ol. Biz sənə güvənirik, təbii davran”. Bilirəm ki, əvəzetmələr ona psixoloji cəhətdən mənfi təsir edirdi, lakin indi o, əsl partlayış edib. Onun üçün çox xoşbəxtəm, çünki Rafinya məsuliyyətli, lider və yaxşı insandır”.

İdman.Biz