117 illik tarixi olan derbi: “Qalatasaray” - “Fənərbağça” rekordları və unudulmaz hadisələr – İDMAN.BİZ-in İCMALI

26 Aprel 2026 13:09
226
117 illik tarixi olan derbi: “Qalatasaray” - “Fənərbağça” rekordları və unudulmaz hadisələr – İDMAN.BİZ-in İCMALI

Türkiyə idmanının iki nəhəng siması - “Qalatasaray” və “Fənərbağça” arasındakı rəqabət artıq 117-ci ilinə qədəm qoyur. Bugünkü 406-cı qarşılaşma ərəfəsində bu uzun tarixin vərəqləri bir-birindən maraqlı və bəzən inanılmaz faktlarla zəngindir.

İdman.Biz Türkiyənin ən böyük futbol rəqabətinin tarixi icmalını təqdim edir:

Bu böyük rəqabətin tarixinə ilk qolu 17 yanvar 1909-cu ildə keçirilən matçda “Qalatasaray”lı futbolçu Emin Bülent Sərdaroğlu yazdırıb. Həmin görüşdə 2:0 hesabı ilə qalib gələn “Sarı-qırmızılılar”, rəqibləri üzərində ciddi üstünlük quraraq ilk yeddi oyunda qapılarında qol görməyiblər. “Fənərbağça”nın rəqibini ilk dəfə məğlub etməsi və tarixdəki ilk qolunu vurması üçün təxminən beş il gözləməsi lazım gəlib. Bu həsrətə 4 yanvar 1914-cü ildə Hasan Kamil Sporelin qolu ilə son qoyulub.

Dəfələrlə bir-birinə rəqib olan komandaların tarixində fərdi rekordlar da diqqət çəkir. “Fənərbağça”lı Zəki Riza Sporel 42 matçda vurduğu 27 qolla rəqabətin ən məhsuldar oyunçusu ünvanını hələ də qoruyur. Onu 24 qolla Alaattin Baydar və 20 qolla Lefter Küçükayandonyadis izləyir. “Qalatasaray”ın heyətində isə Metin Oktay 19 qolla ön sıradadır. Meydanda ən çox top qovan futbolçu isə “Qalatasaray”ın əfsanəvi qapıçısı Turqay Şərəndir. O, tam 55 dəfə derbinin həyəcanını yaşayıb.

Derbi tarixinin ən maraqlı hadisələrindən biri 1922-ci ilə təsadüf edir. Güclü yağış altında keçən və hakimin çətirlə idarə etdiyi həmin oyun “Fənərbağça”nın 3:0-lıq qləbəsi ilə başa çatıb. Matçı cəmi 14 biletli tamaşaçı izləyib. Müasir dövrdə isə mənzərə tam fərqlidir; 2003-cü ildə Atatürk Olimpiya Stadionunda keçirilən oyunu 70 min 125 nəfər izləyərək rekorda imza atıb.

Tarixdə təkcə qollar deyil, davalar və dostluqlar da iz qoyub. 1934-cü ildə futbolçuların kütləvi davası nəticəsində yarımçıq qalan matçdan sonra komandaların 17 oyunçusuna ağır cəza verilib. Digər tərəfdən, rəqabətin ilk illərində hər iki komandanın oyunçularının eyni evi kirayələməsi və bir yerdə vaxt keçirməsi futbolun birləşdirici gücünü göstərib. Hətta bir vaxtlar “FenerSaray” adlı ortaq komandanın qurulması və əcnəbi klublara qarşı birlikdə mübarizə aparılması planlaşdırılıb.

Rəqabət tarixindəki ən böyük fərqli qələbəni 1911-ci ildə “Qalatasaray” qazanıb - 7:0. “Fənərbağça”nın bu hesaba ən yaxın cavabı isə az qala bir əsr sonraya - 6 noyabr 2002-ci ilə təsadüf edir. “Sarı-lacivərdlilər” həmin gün Türkiyə Superliqası tarixindəki ən fərqli derbi qələbəsinə (6:0) imza atıblar. Bu matçda “Qalatasaray”ın o zamankı prezidenti Özhan Canaydının rəqibin qollarını alqışlaması isə dünya idman tarixinə unudulmaz centlmenlik nümunəsi kimi düşüb.

İdman.Biz