Türkiyə Superliqasının 31-ci həftəsində “Başakşəhər” doğma meydanda “Kasımpaşa” futbol komandasını qəbul edib. Qarşılaşma ev sahiblərinin mütləq üstünlüyü və 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
İdman.Biz xəbər verir ki, oyuna sürətli başlayan İstanbul təmsilçisi artıq beşinci dəqiqədə Şomurodovun qolu ilə önə keçib. 22-ci dəqiqədə Bertuğ Yıldırım fərqi iki topa çatdıraraq rəqibi çətin vəziyyətə salıb. Birinci hissənin sonlarında “Kasımpaşa”nın müdafiəçisi Rodriqo Bekao VAR baxışından sonra birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
Azlıqda qalan rəqibi üzərində təzyiqi davam etdirən “Başakşəhər” ikinci yarıda daha iki qol vurub. 81-ci dəqiqədə Selke, 87-ci dəqiqədə isə Şomurodov dublunu rəsmiləşdirərək matçın son nöqtəsini qoyublar - 4:0.
Bu nəticə ilə xallarını 52-yə çatdıran “Başakşəhər” Avropa zonasına bir addım da yaxınlaşıblar.
