İspaniyanın “Barselona” futbol komandasının polşalı hücumçusu Robert Levandovskinin gələcəyi ətrafında şayiələr yenidən alovlanıb. Təcrübəli hücumçu son müsahibəsində klubdakı perspektivləri ilə bağlı qeyri-müəyyən danışaraq ayrılıq ehtimalının qapısını açıq qoyub.
İdman.Biz “Marca” nəşrinə istinadla xəbər verir ki, Levandovski “Barselona”da qalıb-qalmayacağı ilə bağlı suala konkret cavab verməkdən yayınıb. O, qərar vermək üçün hələ vaxtının olduğunu bildirib.
“Bilmirəm... Bunu hiss etməliyəm. Hazırda heç bir yekun qərar qəbul olunmayıb”, - deyə 37 yaşlı forvard vurğulayıb.
Kataloniya təmsilçisinin rəhbərliyi isə artıq hücum xəttində dəyişikliklər etməyi planlaşdırır. ESPN-in məlumatına görə, “Barselona” rəhbərliyi Levandovskini əvəzləyə biləcək namizədləri nəzərdən keçirir. Siyahıda Argentina yığmasının üzvü Xulian Alvares və serbiyalı Duşan Vlahoviç kimi adlar ön sıralardadır. Həmçinin klubun maliyyə vəsaiti toplamaq üçün Ferran Torres kimi oyunçuları satmağa hazır olduğu da iddia edilir.
Levandovski avqust ayında 38 yaşını qeyd edəcək. O, “Barselona”ya gəldiyi gündən bu yana 100-dən çox qol vursa da, son vaxtlar oyun müddətinin azalması və əvəzetmədən meydana daxil olması tərəflər arasındakı gərginliyi artırıb. Polşalı ulduzla MLS və Səudiyyə Ərəbistanı klublarının yaxından maraqlandığı məlum oldu.
