“Çelsi”də üsyan: Rosenniorun istefasının pərdəarxası məqamları - FOTO

24 Aprel 2026 08:15
600
“Çelsi”də üsyan: Rosenniorun istefasının pərdəarxası məqamları - FOTO

“Çelsi”də Liam Rosenniorun istefası ilə nəticələnən gərginliyin təfərrüatları məlum olub. Ardıcıl beş məğlubiyyətdən sonra postu ilə vidalaşan mütəxəssisin gedişində futbolçuların açıq üsyanı əsas rol oynayıb.

İdman.Biz “The Independent” nəşrinə istinadla xəbər verir ki, paltardəyişmə otağında baş məşqçiyə qarşı ciddi hörmətsizlik nümayiş etdirilib. Futbolçular onun taktiki göstərişlərinə məhəl qoymayıb, istifadə etdiyi işgüzar dili “LinkedIn dili” adlandıraraq lağa qoyublar. Hətta Rosenniorun məşq meydançasında daha sərt görünmək üçün eynək taxmaması belə oyunçular arasında zarafat obyektinə çevrilib.

Gərginlik xüsusilə “Brayton”a 0:3 hesablı məğlubiyyətdən sonra pik həddə çatıb. Rosenniorun müsahibəsində futbolçuların istəyini sorğulaması və çıxışlarını “qəbuledilməz” adlandırması komandanı qəzəbləndirib. Enso Fernandes və Mark Kukurelyanın başçılıq etdiyi ispandilli qrupun daha əvvəl Enzo Mareskanın qovulmasına etiraz etdiyi və yeni məşqçini qəbul etmədiyi bildirilir. Hətta “Brayton”la oyunun heyətinin Kukurelyanın bərbəri vasitəsilə mətbuata sızdırıldığı da iddialar arasındadır.

Qeyd edək ki, London təmsilçisi hazırda Çempionlar Liqası zonasından yeddi xal geri qalır. Bazar günü “Lids”lə keçiriləcək İngiltərə kubokunun yarımfinal oyununda komandanı müvəqqəti olaraq Kallum Makfarlan meydana çıxaracaq.

İdman.Biz