“Zirə” mövsümün sonunda müqavilə müddəti başa çatacaq futbolçuların bir neçəsini komandada saxlamaq niyyətindədir. Qəsəbə təmsilçisi xüsusilə Leroy Mikelsin müqavilə müddətini artırmağı planlaşdırır.
İdman.Biz xəbər verir ki, almaniyalı futbolçunun yeni mövsümə də “Zirə”də başlamaq ehtimalı olduqca yüksəkdir. Klub rəhbərliyi ona yeni müqavilə təklif etməyə hazırlaşır.
Lakin onu komandada saxlamaq o qədər də asan olmayacaq. Ruanda yığmasının da üzvü olan futbolçuya həm digər Azərbaycan klublarından, həm də ərəb təmsilçilərindən təkliflər olduğunu yazan sportal.az, Mikelsin ölkəmizdə qalma qərarının daha çox qardaşları Coy-Lens və Coy-Slaydın karyeraları ilə bağlı olduğunu qeyd edir. Belə ki, qardaşları Azərbaycanda oynamağa davam edəcəyi təqdirdə, Leroyun da seçimi Azərbaycan Premyerliqası olacaq.
Qeyd edək ki, Almaniyanın “Borussiya” Münhenqladbax klubunun sabiq futbolçusu olan Mikels karyerası ərzində “Allemaniya Ahen”, “Monheym”, “Velbert”, “Duysburq”, “Türkgücü Münhen”, “Oberhauzen”, “Spartak” (Varna), “Əl-Taraji” və “Şamaxı” kimi klubların formasını geyinib.
