İspaniyanın “Barselona” komandasının futbolçusu Frenki de Yonq gələcək karyerası ilə bağlı qəti qərarını açıqlayıb. O, kataloniyalıların düşərgəsində xoşbəxt olduğunu və klubunu dəyişmək niyyətində olmadığını vurğulayıb.
İdman.Biz xəbər verir ki, yarımmüdafiəçi uşaqlıqdan bu komandada oynamaq xəyalında olduğunu deyib.
“Gələcəyimlə bağlı fikrim aydındır. Mənim üçün “Barselona”dan daha yaxşı klub yoxdur. Burada ailə həyatım da idealdır. Başqa yerə getmək üçün tək bir səbəb belə görmürəm”, - deyə Frenki söyləyib.
De Yonq həmçinin Lionel Messi və gənc istedad Lamin Yamal haqqında da fikirlərini bölüşüb. O, Messinin əlçatmaz olduğunu qeyd edib:
“Şəxsən mən kiminsə Lionel Messi səviyyəsinə çatacağına inanmıram. O, futbol tarixinin ən böyüyüdür və heç kim ona yaxın belə düşə bilməz. Lamin Yamal isə inanılmaz istedada malikdir. O, dünyanın ən yaxşı oyunçusu ola bilər və bunu karyerası ərzində dəfələrlə təkrar edə bilər. Ümid edirəm ki, Yamal buna nail olacaq”.
