İspaniyanın “Real” futbol klubunun rəhbərliyi argentinalı yarımmüdafiəçi Franko Mastantuononun gələcəyi ilə bağlı qərarını vermək üzrədir.
İdman.Biz “Marca” nəşrinə istinadla xəbər verir ki, klub 18 yaşlı futbolçunun potensialına tam güvənsə də, onun “Santiaqo Bernabeu”da kifayət qədər oyun şansı qazanmamasından narahatdır.
Madrid təmsilçisi gənc ulduzu gələn mövsüm daha az təzyiqli mühitdə inkişaf etməsi üçün icarəyə göndərmək variantını nəzərdən keçirir. Bu məsələdə braziliyalı Endrikin nümunəsi əsas götürülür. “Real” rəhbərliyi hesab edir ki, Mastantuononun sabit inkişafı üçün onun mütəmadi olaraq meydanda olması mütləqdir.
2025-ci ilin yayında “River Pleyt”dən transfer olunan Mastantuono Avropa futboluna uyğunlaşma mərhələsində bəzi çətinliklərlə üzləşib. Mövsümün əvvəlində bir neçə parlaq çıxışı ilə diqqət çəksə də, noyabrda aldığı zədə və rəqabətin güclü olması onun əsas heyətdə möhkəmlənməsinə mane olub. Cari mövsümdə argentinalı istedad La Liqada cəmi doqquz, Çempionlar Liqasında isə dörd matçda start heyətində yer ala bilib.
