İtaliya Kuboku: “Komo” və “İnter”in qarşıdurması davam edir - İDMAN.BİZ-in İCMALI

21 Aprel 2026 18:08
191
İtaliya Kuboku: “Komo” və “İnter”in qarşıdurması davam edir - İDMAN.BİZ-in İCMALI

Aprelin 21 və 22-də İtaliyada futbol üzrə ölkə kubokunun yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək.

İdman.Biz xəbər verir ki, ilk görüşlərdən sonra hər iki cütdə intriqa qorunub saxlanılıb: “Komo” və “Inter” ilk oyunda qol vura bilməyib, “Latsio” ilə “Atalanta” isə Romada 2:2 hesablı heç-heçə edib.

“İnter” – “Komo”

Bu cütdə diqqət mərkəzində təkcə ilk oyunun nəticəsi deyil, ümumilikdə cari mövsümdəki qarşıdurmalar dayanır. Komoda keçirilən yarımfinalın ilk matçı 0:0 hesabı ilə başa çatıb. Daha sonra isə A Seriyasında “İnter” aprelin 12-də səfərdə 0:2 hesabından geri dönərək 4:3 qalib gəlib. Bundan əvvəl – dekabrın 6-da Milan təmsilçisi evdə “Komo”nu 4:0 hesabı ilə darmadağın edib. Beləliklə, mövsüm ərzində keçirilən üç oyunda “İnter” Sesk Fabreqasın çalışdırdığı komandaya uduzmayıb. Lakin son qarşılaşma göstərdi ki, “Komo” çempionat liderinə ciddi problemlər yarada bilir.

“İnter” üçün bu oyun mümkün “dubl” yolunda növbəti addımdır. Komanda cavab görüşünə məhsuldar oyunlar seriyası ilə yanaşır və hücumda yüksək effektivlik nümayiş etdirir. Meydan sahiblərində diskvalifikasiya olunan futbolçu yoxdur və həlledici qarşılaşma "San Siro" stadionunda baş tutacaq ki, burada “İnter” ənənəvi olaraq inamlı çıxış edir.

“Komo”nun da öz arqumentləri var. Komanda İtaliyada son illərin ən parlaq mövsümlərindən birini keçirir, A Seriyasında turnir cədvəlinin yuxarı hissəsində qərarlaşıb və avrokuboklar uğrunda mübarizə aparır. Klub üçün bu, İtaliya Kubokunun finalına yüksəlmək baxımından nadir fürsətdir və o, artıq favoritə qarşı mübarizə apara bildiyini sübut edib. Bu, xüsusilə son qarşılaşmada - “Komo”nun cəsarətli və aqressiv hücum oyunu sərgilədiyi matçda aydın göründü.

“Atalanta” – “Latsio”

İkinci cütdə intriqa bəlkə də daha yüksəkdir. Romada keçirilən ilk oyun 2:2 hesabı ilə yekunlaşıb və buna görə də Berqamoda heç bir komanda üstünlüklə meydana çıxmayacaq. Mövsüm ərzindəki şəxsi görüşlərə nəzər salsaq, cüzi üstünlük “Atalanta”nın tərəfindədir: komandalar çempionatda Berqamoda 0:0 oynayıb, daha sonra isə “Atalanta” Romada 2:0 qalib gəlib.

“Atalanta” üçün əsas amil ev meydanıdır. Komanda Berqamoda inamlı çıxış edir və anlayır ki, bir uğurlu oyun onu finala çıxara bilər. Üstəlik, meydan sahibləri görüşə yaxşı formada və ciddi kadr itkiləri olmadan hazırlaşır.

“Latsio” da yarımfinala yüksək əhval-ruhiyyə ilə gəlir. Komanda son turda vacib qələbə qazanıb və döyüşkən heyətini qoruyub saxlayır. Bu oyun romalılar üçün cari mövsümdə “Atalanta”ya qarşı uğursuz statistikaya son qoymaq və turnirin finalına yüksəlmək imkanıdır.

İdman.Biz