Arif Əsədovdan geniş analiz: “Turun açarı bu matçdır”

17 Aprel 2026 16:57
126
Arif Əsədovdan geniş analiz: “Turun açarı bu matçdır”

“Gözlənilməz nəticələr ola bilər”.

Bu sözləri Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədov deyib.

Mütəxəssis Misli Premyer Liqasının 28-ci turunda keçiriləcək oyunlarla bağlı fikirlərini bölüşüb.

“Araz-Naxçıvan” - “Turan Tovuz” qarşılaşmasında hər iki komanda avrokuboklar uğrunda mübarizə aparır. Bu baxımdan “Turan”ın üçüncü yer uğrunda şansı daha yüksək görünür və qazanılacaq qələbə onları məqsədə xeyli yaxınlaşdıra bilər. “Araz” isə hər xal itkisində bu zonadan bir qədər də uzaqlaşır. Komanda bu dəfə evdə oynayır və şübhəsiz ki, qələbə qazanmağa çalışacaq. Oyunun maraqlı keçəcəyini düşünürəm, lakin ümumi güc balansını nəzərə alsaq, heç-heçə ehtimalı daha real görünür.

“Zirə” - “Neftçi” qarşılaşması da turun ən maraqlı oyunlarından biridir. Bu, prinsipial matçdır və komandalar həm turnir cədvəli, həm də xal baxımından yaxındırlar. Bu oyunu “altı xallıq qarşılaşma” kimi qiymətləndirmək olar. Proqnoz vermək çətin olsa da, burada da heç-heçə ehtimalı az deyil.

“Karvan-Yevlax” - “Şamaxı” oyununa gəldikdə, “Karvan”ın ötən tur “Kəpəz” üzərində qazandığı qələbə komandada özünəinam yaradıb. “Şamaxı” isə ciddi təzyiq altında olmadığı üçün oyuna daha rahat çıxacaq. Bu səbəbdən kağız üzərində “Şamaxı” bir qədər üstün görünür. Lakin “Karvan”ın son oyundakı performansını nəzərə alsaq, onların qələbəsi də istisna deyil”, - deyə o, offsideplus.az-a açıqlamasında söyləyib.

Əsədovun sözlərinə görə, “Qarabağ” - ”Sabah” matçı turun ən maraqla gözlənilən qarşılaşmasıdır:

“Çempionluq mübarizəsi baxımından bu oyun həlledici ola bilər. Əgər komanda bu matçda üç xal qazansa, demək olar ki, çempionluğu təmin edəcək. Buna görə də “Qarabağ” maksimum nəticə əldə etməyə çalışacaq. Oyunun nəticəsini proqnozlaşdırmaq çətindir, lakin gərgin və maraqlı keçəcəyi gözlənilir.

“Kəpəz” – “İmişli” qarşılaşmasında isə tərəflər demək olar ki, bərabər gücdədir. Hər iki komanda Premyer Liqada qalmaq uğrunda mübarizə aparır. “Kəpəz” son turda məğlub olduqdan sonra azarkeşlər qarşısında bunu kompensasiya etmək üçün qələbəyə köklənəcək. Bu baxımdan onların şansı bir qədər yüksək qiymətləndirilə bilər. Amma “İmişli”nin də sürpriz etmək potensialı var.

“Qəbələ” son məğlubiyyətdən sonra təhlükəli zonaya yaxınlaşıb. “Sumqayıt” isə böyük ölçüdə liqada qalmağı təmin edib. Ev sahibi son turlarda qələbə qazana bilmədiyi üçün bu oyunda qalib gəlməyə çalışacaq. Bu amil onların şansını bir qədər artırır. Lakin “Qəbələ”nin də sürpriz etmək ehtimalı var və ümumilikdə bərabərsəviyyəli oyun gözlənilir”.

Qeyd edək ki, tura aprelin 19-da yekun vurulacaq.

İdman.Biz