15 aprel 1989-cu ildə İngiltərənin Şeffild şəhərindəki “Hillsborough” stadionunda keçirilən İngiltərə Kubokunun yarımfinalı - “Liverpul” ilə “Nottingem Forest” arasındakı oyun bir idman tədbirindən çox, dövlət qurumlarının səhvləri, illərlə davam edən ört-basdır cəhdləri və ədalət axtarışının simvoluna çevrildi. Həmin gün “Leppings Lane” tribunasında baş verən kütləvi sıxlıq nəticəsində əvvəlcə 96 azarkeşin öldüyü bildirildi. Lakin 2021-ci ildə Endryu Devinin həmin gün aldığı xəsarətlər nəticəsində həyatını itirdiyi rəsmən təsdiqləndi və qurbanların sayı 97-yə çatdı.
İdman.Biz xəbər verir ki, faciənin baş verdiyi gün əsas problem stadionun “Liverpul” azarkeşlərinə ayrılmış hissəsində nəzarətin çökməsi idi. Rəsmi araşdırmalarda əsas səbəb kimi azarkeşlərin davranışı yox, polis nəzarətinin uğursuzluğu, turniketlərin yetərsizliyi, tribunadakı təhlükəsizlik baryerlərinin qüsurları və artıq dolmuş mərkəzi sektorlara insanların yönləndirilməsi göstərilir.
2012-ci ildə Böyük Britaniya parlamentində səsləndirilən rəsmi bəyanatda Devid Kameron (Böyük Britaniyanın keçmiş baş naziri. 2010-2016-cı illərdə Mühafizəkarlar Partiyasının lideri kimi hökumətə rəhbərlik edib) Lord Teylorun (“Baron Taylor of Gosforth” titulunu almış britaniyalı hakim) araşdırmasının başlıca nəticəsini xatırladaraq faciənin əsas səbəbini “polis nəzarətinin uğursuzluğu” kimi təqdim etdi.

Bu hadisə ictimaiyyətə illərlə yanlış təqdim edildi. Faciədən dərhal sonra bəzi media qurumlarında, xüsusilə də “The Sun” qəzetində, azarkeşlərin sərxoş olduğu, zorakılıq etdiyi və hadisəyə özlərinin səbəb olduğu barədə iddialar yayıldı. Sonradan həm parlament müzakirələrində, həm də “Hillsborough Independent Panel”in hesabatında göstərildi ki, bu narrativ polis və digər rəsmilərin yaydığı saxta və ya təhrif olunmuş məlumatlarla gücləndirilib. 2012-ci ildə açıqlanan materiallar göstərdi ki, polis ifadələrində geniş dəyişikliklər edilib, 164 ifadə əhəmiyyətli şəkildə redaktə olunub, 116 ifadədən isə polis əməliyyatını tənqid edən qeydlər çıxarılıb.

Məhz buna görə “Hillsborough” yalnız stadion faciəsi deyil, həm də həqiqətin gecikdirilməsi tarixidir. 2012-ci il "Hillsborough Independent Panel" hesabatı azarkeşlərin faciəyə səbəb olmadığı qənaətini açıq şəkildə ortaya qoydu və ailələrin illərlə dediyi çox şeyi sənədlərlə təsdiqlədi. Həmin sənədlər həm də təcili yardım və xilasetmə cavabında ciddi problemlər olduğunu, daha çevik və düzgün müdaxilənin bəzi həyatları xilas edə biləcəyini göstərdi.

2016-cı ildə yenilənmiş inquest qərarı hüquqi baxımdan dönüş nöqtəsi oldu. Məhkəmə andlıları qurbanların “qanunsuz şəkildə öldürüldüyü” qərarına gəldilər və əvvəlki “təsadüfi ölüm” hökmünü ləğv etdilər. Qərarda azarkeşlərin hadisəyə səbəb olmadığı da qeyd olundu. Bu nəticə ailələr üçün mənəvi qələbə olsa da, hüquqi məsuliyyət məsələsi tam həll olunmadı.
Sonrakı cinayət və intizam prosesləri isə gözlənilən miqyasda nəticə vermədi. IOPC-nin ("Independent Office for Police Conduct" - Polis Davranışına Nəzarət üzrə Müstəqil İdarə) yekun məlumatına görə, 2017-ci ildə altı nəfərə qarşı ittiham irəli sürülüb. Oyun günü əməliyyata rəhbərlik edən Devid Dakenfild kobud səhlənkarlıqla adamöldürmə ittihamı ilə mühakimə olunsa da, 2019-cu ildə bəraət aldı. “Sheffield Wednesday” klubunun təhlükəsizlik üzrə məsul şəxsi Qrem Makrell isə təhlükəsizlik qaydaları ilə bağlı pozuntuya görə cərimələndi. Digər bəzi işlər isə sonradan dayandırıldı və ya məhkəmə tərəfindən rədd edildi.

Bununla belə, “Hillsborough”un futbol tarixindəki təsiri çox böyük oldu. Lord Teylorun yekun tövsiyələri arasında tam oturacaqlı tribunalar məsələsi xüsusi yer tuturdu və faciə İngiltərədə stadion təhlükəsizliyi standartlarının köklü şəkildə dəyişməsini sürətləndirdi. Bu hadisədən sonra futbolun təşkilinə, tribunaların planlanmasına və kütlə idarəçiliyinə yanaşma əvvəlki kimi qalmadı.

Bu gün “Hillsborough” xatırlananda söhbət təkcə 1989-cu ilin bir oyununun yarımçıq qalmasından getmir. Söhbət 97 insanın ölümündən, ailələrin onillərlə davam edən ədalət mübarizəsindən və dövlətin, medianın, hüquq sisteminin böhran anında necə davrandığını göstərən dərsdən gedir. Futbol tarixində az hadisə var ki, bu qədər uzun müddət ərzində həm kollektiv yaddaşı, həm də hüquqi-mənəvi müstəvini bu dərəcədə dəyişsin.
