“Şəfa” futbol klubu yeni loqosunu təqdim edib.
İdman.Biz xəbər verir ki, bu barədə “Şəfa” Futbol Klubu məlumat yayıb.
Bildirilib ki, “bir klub, bir şəhər, bir tarix və bir ailə” devizi ilə yaradılan loqo klubun keçmişini, indisini və gələcəyini birləşdirən güclü rəmzlərdən ibarətdir.

Loqonun əsas elementlərindən olan qala Bakının tarixi rəmzi İçərişəhəri əks etdirir. Ulduz 2000/2001 mövsümündə qazanılan Azərbaycan Kubokunun təcəssümüdür və gələcəyə inamı, işığı və mənəvi yüksəlişi simvollaşdırır.
Alov Azərbaycan Dövlət Gerbindən ilhamlanıb, Odlar Yurdunun tükənməz enerjisini, tərəqqi və inkişafı ifadə edir. 1998 isə klubun təsis ilidir. Rənglərə gəlincə, Xəzər dənizini əks etdirən mavi sarsılmaz güvən, peşəkarlıq, azadlıq və sakitlik rəmzidir. Ağ saflıq, təmizlik, ədalət və yeni başlanğıcların simvoludur.
