Bu gün start götürən futbol üzrə dünya çempionatı milli komandalar arasında ən mötəbər yarış və planetin ən nüfuzlu idman mükafatlarından biridir.
İdman.Biz xəbər verir ki, 1930-cu ildə keçirilən ilk turnirdən bəri dünya çempionatı futbolsevərlərə onlarla əfsanəvi oyun, böyük komandalar və bu gün də dünya idman mədəniyyətinin ayrılmaz hissəsi olan tarixlər bəxş edib.
2026-cı il dünya çempionatı turnirin tarixində 23-cü mundial olacaq. Hazırkı yarışa qədər kubok 22 dəfə sahibini tapıb və onu cəmi səkkiz milli komanda qazanıb: Braziliya, Almaniya, İtaliya, Argentina, Uruqvay, Fransa, İngiltərə və İspaniya.
İlk dünya çempionu 1930-cu ildə ev sahibi Uruqvay olub. Son çempion isə 2022-ci ildə Qətərdə keçirilən mundialın finalında Fransanı dramatik mübarizədə məğlub edən Argentina millisidir. Cənubi amerikalılar bununla tarixlərində üçüncü dəfə dünya çempionu olublar.
Dünya çempionatları tarixinin ən titullu komandası Braziliyadır. “Pentakampeonlar” turnirdə beş dəfə - 1958, 1962, 1970, 1994 və 2002-ci illərdə qalib gəliblər.
İkinci pilləni dörd titulla Almaniya və İtaliya bölüşür. Almanlar 1954, 1974, 1990 və 2014-cü illərdə dünya çempionu olublar. İtaliya isə 1934, 1938, 1982 və 2006-cı illərdə kuboku başı üzərinə qaldırıb. Argentina Qətər-2022 zəfərindən sonra üç titulla üçüncü sıraya yüksəlib. Uruqvay və Fransa iki dəfə, İngiltərə və İspaniya isə bir dəfə dünya çempionu olublar.
Dünya çempionlarının siyahısı belədir:
Braziliya – 5 titul (1958, 1962, 1970, 1994, 2002)
2-3. Almaniya – 4 titul (1954, 1974, 1990, 2014)
2-3. İtaliya – 4 titul (1934, 1938, 1982, 2006)
Argentina – 3 titul (1978, 1986, 2022)
5-6. Uruqvay – 2 titul (1930, 1950)
5-6. Fransa – 2 titul (1998, 2018)
7-8. İngiltərə – 1 titul (1966)
7-8. İspaniya – 1 titul (2010)
Tarixi yarışın əsas intriqalarından biri Almaniya ilə bağlıdır. Almaniya millisinin aktivində dörd çempionluq var və DÇ-2026-da qalib gələcəyi halda braziliyalıların rekorduna şərik olacaq. İtaliya da dörd titul sahibidir, lakin seçmə mərhələni keçə bilmədiyi üçün bu mundialda iştirak etmir.
Hazırkı dünya çempionu Argentina yeni zəfər qazanacağı təqdirdə titullarının sayını dördə çatdıracaq və Almaniya ilə İtaliyaya yetişəcək. Bu, komanda üçün Qətər zəfəri ilə başlayan qızıl dövrü möhkəmləndirmək imkanı olacaq.
Fransa və Uruqvay isə üçüncü titulu qazanaraq Argentinanın hazırkı göstəricisinə çatmağa çalışacaqlar. Fransızlar üçün bu, son səkkiz dünya çempionatında üçüncü çempionluq, Uruqvay üçün isə dünya futbolunun ilk böyük güclərindən biri statusuna dönüş anlamına gələ bilər.
Bir titulu olan İngiltərə və İspaniya DÇ-2026-nın qalibi olacağı halda Fransa və Uruqvayın turnir başlamazdan əvvəlki göstəricisinə – iki çempionluğa çatacaqlar. Braziliya isə yeni mundialı da qazanarsa, rekordunu altı titula yüksəldərək izləyicilərindən daha da uzaqlaşacaq.
2026-cı il dünya çempionatı 48 komandanın iştirakı ilə yeni formatda keçirilir. Bu isə kuboka gedən yolu daha uzun və çətin edir. Məhz buna görə də tarixi yarış daha maraqlı görünür. Uzun illərdən sonra bir neçə böyük futbol dövləti eyni anda dünya çempionları cədvəlini dəyişmək şansına malikdir.
Hələlik zirvə Braziliyaya məxsusdur. Komandanın emblemi üzərindəki beş ulduz onun dünya çempionatları tarixindəki xüsusi yerinin əsas simvolu olaraq qalır. Lakin artıq bu yay Almaniya, Argentina, Fransa, Uruqvay, İspaniya və İngiltərə bu tarixi yenidən yazmaq imkanı əldə edəcəklər.
