İngiltərənin “Liverpul” futbol klubunun sahibi olan “Fenway Sports Group” cari mövsümdəki uğursuzluqlara rəğmən, baş məşqçi Arni Slotun gələn mövsümdə də postunda qalmasını istəyir. Çempionlar Liqasında PSJ-yə 0:2 hesablı məğlubiyyətdən sonra tənqidlərin artmasına baxmayaraq, klub rəhbərliyi niderlandlı mütəxəssisə dəstək nümayiş etdirir.
İdman.Biz “The Telegraph” nəşrinə istinadla xəbər verir ki, Slotun komandada qalması üçün beş əsas səbəb var. Klubun idman direktoru Riçard Hyuz və CEO Maykl Edvards keçid dövrünün çətinliyini nəzərə alaraq, Slota daha çox zaman verilməsinin tərəfdarıdırlar.
Rəhbərlik Dioqo Jota ilə bağlı baş verən hadisəni, eləcə də Məhəmməd Salah və Vircil van Deyk kimi liderlərin formadan düşməsini nəticələrin zəifləməsində əsas amil kimi görür. Həmçinin klub rəhbərliyi hesab edir ki, Slotun fəaliyyətini tam qiymətləndirmək üçün ona ən azı dörd transfer pəncərəsi vaxt verilməlidir. Hazırda rəhbərliyin hədəfi Slot, Hyuz və Edvardsın müqavilələrinin başa çatacağı gələn mövsümün sonuna qədər bu layihəni davam etdirməkdir.
Maraqlıdır ki, azarkeşlərin ən çox gözlədiyi Xabi Alonso variantı rəhbərliyi tam razı salmır. Alonsonun keçən il Yurgen Kloppun gedişindən sonra təklifdən imtina etməsi klub rəhbərliyi tərəfindən müsbət qarşılanmayıb.
Qeyd edək ki, cari mövsümdə bütün turnirlərdə 17 məğlubiyyət alan “Liverpul” hazırda lider “Arsenal”dan 21 xal geri qalır.
