AFFA Azərbaycan Premyer Liqasının 26-cı turu ilə bağlı cəzaları açıqlayıb.
İdman.Biz xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar qəbul edib.
“Zirə” - “Şamaxı” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Zirə” komandası 2000 manat cərimələnib. Qarşılaşmanın 53-cü dəqiqəsində “Şamaxı” komandasının 11 nömrəli futbolçusu Dioqo Balau ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün iki oyun oyunluq cəza alıb, “şirlər” isə 1000 manat ziyana düşüb.
26-cı turun “Araz-Naxçıvan” - “Sabah” oyununda meydan sahiblərinin dörd futbolçusu sarı vərəqə aldığı üçün 700 manat cərimələnib. Oyun bitdikdən sonra “Araz-Naxçıvan” komandasının baş məşqçisi Andrey Demçenko hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün bir oyunluq cəza alıb, “qırmızı-qaralar” isə 2500 manat cərimə olunub.
