Tyeri Anri qazancı ilə ulduz futbolçuları geridə qoyur

6 Aprel 2026 02:20
407
Tyeri Anri qazancı ilə ulduz futbolçuları geridə qoyur

“Arsenal”ın əfsanəsi Tyeri Anri futbol karyerasını illər əvvəl başa vurmasına baxmayaraq, maliyyə göstəriciləri ilə hələ də diqqət mərkəzindədir.

İdman.Biz İngiltərə mətbuatına istinadla xəbər verir ki, 48 yaşlı sabiq hücumçunun həftəlik qazancı təxminən 100 min funt sterlinq (225 min AZN) təşkil edir ki, bu məbləğ bir çox hazırkı yüksək səviyyəli oyunçuların maaşına bərabərdir. Anrinin bu yüksək gəliri təkcə idman şərhçiliyindən deyil, həm də geniş biznes şəbəkəsindən və uğurlu investisiyalarından qaynaqlanır. Hazırda “CBS Sports” və “Amazon Prime Video”da şərhçi kimi çalışan əfsanəvi oyunçu gələn il keçiriləcək dünya çempionatını işıqlandırmaq üçün “Fox Sports” ilə də müqavilə imzalayıb.

Onun varidatı nəhəng daşınmaz əmlak portfeli ilə də zəngindir. Belə ki, fransalı ulduzun Londonun Hempsted səmtində 10 milyon funt sterlinq (22.5 milyon AZN) dəyərində malikanəsi və Nyu-Yorkda 12 milyon funt sterlinq (27 milyon AZN) dəyərində penthausu mövcuddur. Bununla yanaşı, o, sabiq komanda yoldaşı Sesk Fabreqasın idarə etdiyi İtaliyanın “Komo” klubunun həmsahiblərindən biridir. Anrinin kommersiya fəaliyyəti üçün istifadə etdiyi “Cluemere Ltd” şirkətinin son hesabatları isə qurumun 931 781 funt sterlinq (2.1 milyon AZN) dəyərində aktivə malik olduğunu göstərir. Qeyd edək ki, Anri məşqçilik karyerası ərzində Fransanın U-21 və olimpiya millilərini, həmçinin “Monako” və “Monreal” klublarını da çalışdırıb.

İdman.Biz