Braziliyanın “Santos” futbol komandası ölkə çempionatının 2026-cı il mövsümündə ardıcıl uğursuzluqlardan sonra yenidən qələbə sevincini yaşayıb.
İdman.Biz xəbər verir ki, son dörd oyunda cəmi bir xal qazanan komanda bu qələbə sayəsində turnir cədvəlinin aşağı sıralarından uzaqlaşmağı bacarıb.
“Vila Belmiro” stadionunda keçirilən doqquzunci tur qarşılaşmasında “Santos” “Remo” klubunu 2:0 hesabı ilə məğlub edib. Qələbə qollarını Tasiano və Moizes vurublar.
Hər iki qolda əsas pay sahibi komandanın ulduzu Neymar olub. Meydanda fəallığı ilə seçilən 10 nömrəli oyunçuya qarşı rəqib futbolçular ümumilikdə yeddi dəfə qayda pozuntusuna yol veriblər.
Oyunda həlledici rol oynayan Neymar, eyni zamanda sarı vərəqə ilə cəzalandırılıb. Buna səbəb isə ona qarşı sərt oynayan rəqib futbolçuya etirazı olub. Neymar sarı vərəqə limitinə görə növbəti matçı buraxmalı olacaq.
