“Qarabağ” futbol akademiyasının baş koordinatoru Aftandil Hacıyevin bir müddət əvvəl Nigeriyaya etdiyi səfər klubun seleksiya işlərində canlanmaya səbəb olub. Ağdam təmsilçisi daha bir gənc nigeriyalı futbolçunu baxışa cəlb edib.
İdman.Biz xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, Akinrefon Mikail Adetoro bu ay “köhlən atlar”ın düşərgəsinə gələn ikinci nigeriyalı oyunçudur. Yarımmüdafiə xəttində çıxış edən 18 yaşlı futbolçu hazırda əvəzedici heyətin sırasındadır. Gənc oyunçu sınaq müddətində özünü yaxşı tərəfdən göstərə bilsə, onunla rəsmi müqavilə imzalanacaq.
“Qarabağ”ın baxışa dəvət etdiyi digər maraqlı sima isə Altay Ordubadidir. Əslən Naxçıvandan olan 21 yaşlı yarımmüdafiəçi ABŞ vətəndaşıdır. Ailəsi ilə birlikdə okeanın o tayında yaşayan həmyerlimizin futbolun sirlərinə “San Fransisko” klubunda yiyələndiyi bildirilir. Hazırda Altay da klubun bazasında məşqlərə qatılaraq məşqçilər heyətinin rəğbətini qazanmağa çalışır.
Qeyd edək ki, hər iki futbolçunun gələcəyi yaxın günlərdə keçiriləcək yoxlama oyunlarından və məşq prosesindəki çıxışlarından asılı olacaq.
