“Qalatasaray”dan Amadu Onana sürprizi

29 Mart 2026 12:42
118
“Qalatasaray”dan Amadu Onana sürprizi

Türkiyənin “Qalatasaray” futbol klubu yeni mövsüm öncəsi transfer çalışmalarını sürətləndirərək İngiltərə Premyer Liqasında çıxış edən ulduz futbolçunu hədəfə alıb.

İdman.Biz İngiltərə mətbuatına istinadla xəbər verir ki, İstanbul klubu "Aston Villa"nın 24 yaşlı belçikalı yarımmüdafiəçisi Amadu Onana ilə yaxından maraqlanır. Baş məşqçi Okan Burukun oyun sisteminə tam uyğun gələn 1.95 metr boyundakı futbolçu üçün rəsmi təmasların mövsümün sonunda başlaması planlaşdırılır.

Amadu Onananın hazırkı bazar dəyəri 45 milyon avro (90 milyon AZN) olaraq qiymətləndirilir. "Aston Villa" ilə 2029-cu ilin iyununa qədər müqaviləsi olan futbolçu üçün yarışda yalnız "Qalatasaray" deyil, həm də "Mançester Yunayted" yer alır. Bu, transferin maliyyə və rəqabət baxımından çətinliyini artırır.

Cari mövsümdə Premyer Liqada 31 rəsmi matçda meydana çıxan Onana iki qol vurub və ümumilikdə 2203 dəqiqə sahədə qalıb. Müdafiəyə verdiyi töhfə, hava toplarındakı hakimiyyəti və fiziki gücü ilə seçilən Belçika millisinin üzvü həm də stoper mövqeyində oynamaq qabiliyyətinə malikdir.

İdman.Biz