“Qarabağ” futbol komandasının yarımmüdafiəçisi Kadinin növbəti mövsümdə hansı komandada çıxış edəcəyi dəqiqləşib.
İdman.Biz fanat.az-a saytına istinadən xəbər verir ki, Polşa, Kipr və Portuqaliya klublarının transfer siyahısında yer alan 29 yaşlı braziliyalı futbolçu iş yerini dəyişmək niyyətində deyil.
Ağır zədə səbəbindən cari mövsümdə bir müddət komandasına kömək edə bilməyən orta xətt oyunçusu məhz Qurban Qurbanovun rəhbərliyi altında çıxış etməyi üstün tutur. Kadi yenidən əvvəlki formasına qayıtmaq üçün Ağdam təmsilçisində qalmağı planlaşdırır.
Qeyd edək ki, Kadinin “Qarabağ”la hazırkı müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub. Cənubi amerikalı futbolçu bu mövsüm “köhlən atlar”ın forması ilə bütün turnirlərdə 28 matça çıxıb, 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
