MLS-in müntəzəm çempionatının beşinci turu çərçivəsində keçirilən “Nyu-York Siti” - “İnter Mayami” qarşılaşması qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Nyu-Yorkun məşhur “Yanki” stadionunda baş tutan görüş hər iki komandanın hücumameyilli oyunu ilə yadda qalıb.
İdman.Biz xəbər verir ki, matçda hesabı artıq dördüncü dəqiqədə “İnter Mayami”nin müdafiəçisi Qonsalo Luxan açıb. Lakin ev sahibləri tezliklə cavab veriblər - 17-ci dəqiqədə Nikolas Fernandes tarazlığı bərpa edib. İkinci hissənin 59-cu dəqiqəsində Aqustin Oxeda “Nyu-York Siti”ni önə keçirsə də, sevincləri cəmi iki dəqiqə çəkib. 61-ci dəqiqədə səhnəyə çıxan Lionel Messi karyerasının 901-ci qolunu cərimə zərbəsindən vuraraq hesabı 2:2 edib. Qonaqlara qələbə gətirən qolu isə 74-cü dəqiqədə Mikael dos Santos Silva rəsmiləşdirib.
Bu nəticədən sonra hər iki komandanın aktivində 10 xal var. “İnter Mayami” Şərq Konfransında üçüncü pillədə qərarlaşıb, eyni xala malik “Nyu-York Siti” isə əlavə göstəricilərə görə ikinci sıradakı mövqeyini qoruyub.
