“Sumqayıt”ın ukraynalı futbolçusu Danilo Beskorovaynıy komandasının Misli Premyer Liqasında keçirdiyi bəzi oyunlarda məğlubiyyətə layiq olmadığını düşünür.
27 yaşlı müdafiəçi komandanın “qara zolağ”a düşməsinin səbəbini açıqlayıb.
“Fikrimcə, ilk səbəb psixoloji amildir. Çünki avrokuboklara vəsiqə qazanmaq istəyirik və turnir cədvəlində bizə yaxın olan komandalar çoxdur. Elə oyunlar olub ki, məğlubiyyətə layiq deyildik. Amma təəssüf ki, istədiyimiz nəticəni əldə edə bilmədik. Son matçlarda isə eniş yaşayırıq və bundan çıxmalıyıq. Məncə, daha da birləşməli və maksimumumuzu göstərməliyik. Hələ qarşıda 10 tur var, hər birimiz maksimum gücümüzlə oynayıb komanda kimi çıxış etməliyik ki, “qara zolaq”dan çıxaq”, - deyə o, report.az-a açıqlamasında bildirib.
D.Beskorovaynıy 24-cü turda “Şamaxı”ya qarşı keçirəcəkləri matça toxunub:
“Hər oyunda qalib gəlmək istəyirik, amma hazırda kiçik bir böhran yaşayırıq. Ümid edirəm ki, cümə günü “Şamaxı”ya qarşı keçirəcəyimiz görüşdə azarkeşlərimizi uzun zamandır gözlədikləri qələbə ilə sevindirə biləcəyik”.
Yanvarda “Sumqayıt”a keçən ukraynalı futbolçu yaxşı komandalarının olduğunu sözlərinə əlavə edib:
“Heyətdə fərdi baxımdan perspektivli oyunçular çoxdur. Özümü burada çox yaxşı hiss edirəm. Sumqayıt şəhəri də xoşuma gəlir. Uyğunlaşma problemim olmadı. Komanda yoldaşlarım məni yaxşı qarşıladılar. Hamısı çox mehriban insanlardır. Buna görə onlara təşəkkür edirəm”.
Qeyd edək ki, “Sumqayıt” 23 turdan sonra Misli Premyer Liqasında 32 xalla altıncı pillədə qərarlaşıb. Komanda son olaraq 18-ci turda “Karvan-Yevlax”ı məğlub edib - 2:0.
