“Uşaqlıqdan bütün Olimpiadaları izləyirdim”.
Bunu “Neftçi” İdman Klubunun İdarə Heyətinin sədr müavini və icraçı direktoru Fərəc Əliyev prosport.az-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik.
– Rəsmi olaraq noyabrda “Neftçi” İdman Klubunun İdarə Heyətinin sədr müavini və icraçı direktoru təyin olunmusunuz. Təyinatınızdan 1 il keçməsə də, bu müddətdə nələri görmək əsas hədəf kimi qarşınıza qoyulmuşdu?
– Bildiyiniz kimi, “Neftçi” İdman Klubunda növlər çoxdur. Yeniyetmə-uşaq idman növlərində çoxluq təşkil edirik. Əsas məqsədimiz odur ki, bu uşaqlara və məşqçilərə daha yaxşı şərait yaradaq. Uşaqların inkişafı üçün baş məşqçilərinin razılığı ilə onları tez-tez təlim-məşq toplanışlarına göndəririk. Onsuz da burada uşaqlar üçün məşq keçmək pulsuzdur. Bildiyiniz kimi, 4 yerdə – Suraxanı qəsəbəsində Tofiq İsmayılov adına Olimpiya Təlim-İdman Kompleksi, Lökbatan qəsəbəsində Qaradağ Təlim-İdman Bazası, o cümlədən Bakıda “Məşəl” İdman Kompleksi və Sumqayıtda Təlim-İdman Zalımız mövcuddur. Biz burada olan mövcud şəraiti daha da yaxşılaşdırmaq üzərində çalışırıq. Bu məndən qabaq da belə olub, məndən sonra da bu siyasət davam etdiriləcək.
– “Neftçi” idmançıları 2024-cü ildə daxili və beynəlxalq yarışlarda 1001, ötən il isə 1172 medal qazanıb. 2026-cı ildə hədəflərdən biri də medal sayını artırmaqdır? Yoxsa titul o qədər də önəm kəsb etmir?
– Xeyr, titul da önəmlidir. Amma ən vacibi kütləvilikdir. 8-10 yaşlı uşaqlardan heç kim “olimpiya çempionu çıxmayacaq” deyə bilməz. Ona görə də bu uşaqların üzərində işləmək lazımdır.
– Sizi biz “İnter” (indiki “Şamaxı”) və “Səbail” futbol klublarından tanıyırıq. Futbol sahəsindən sonra digər idman növlərinin də olduğu “Neftçi”yə gəlmək adaptasiya problemi yaratmadı?
– Yox. Adaptasiya tez keçdi. Çünki futboldan fərqlənsə də, nəticədə idman idmandır. Elə bir fərq görmürəm. Hətta deyərdim ki, “Neftçi” İdman Klubunda çox idman növünün olması şəxsən mənim üçün maraqlıdır. Burada futboldan fərqli olaraq iyunda istirahət yoxdur, daim iş getməlidir. Daim milliyə namizəd idmançılarla əlaqədəyik, onların məşqi üçün əlimizdən gələni edirik. Bura mənim üçün futboldan daha maraqlıdır.
– Bəs bura gəlməzdən əvvəl özünüzün maraq göstərdiyiniz idman növü vardımı və hansı idi?
– Uşaqlıqdan bütün Olimpiadaları izləyirdim. 2020-ci il Sidney Olimpiadası indiyə kimi də yadımdadır. Namiq Abdullayev, Zemfira Meftəhəddinova qızıl, Vüqar Ələkbərov bürünc medal qazandı. Namiq Abdullayev qızıl medal qazananda 12 yaşım vardı, məktəbdə onu müzakirə edirdik. İndi isə sevinirəm ki, şəxsən bu idman veteranlarını yaxından tanıyıram. 2004-cü il Afina Olimpiadasında Fərid Mansurov, 2008-ci il Pekin Olimpiadasında Elnur Məmmədli, 2012-cil London Olimpiadasında Toğrul Əsgərov çempion oldu. 2024-cü il Paris Olimpiadası zamanı “Neftçi”də olmasam da, mənə 3x3 basketbol millimizin oyunlarını gözləmək maraqlı idi. Həm basketbolda, həm də bədii gimnastikada qrup hərəkətləri komandasının Olimpiadaya vəsiqə qazanması əla nəticə sayılmalıdır. Olimpiadadan sonra Paralimpiya Oyunlarını maraqla gözləyirdim. Demək istədiyim odur ki, hələ bura gəlməzdən əvvəl bütün Olimpiya Oyunlarını maraqla izləmişəm. Mənim üçün Olimpiada futbolun dünya çempionatından da üstündür. Çünki orada bayrağımız dalğalanır. Sualınıza gəlincə, özüm də idmanla məşğul olmuşam. İlk olaraq taekvondoya yazılmışam. Oğlum 3 ildən çoxdur ki, cüdo idman növündədir.
– “Neftçi” komanda idman növlərindən futbol, basketbol, voleybol və futzalda təmsil olunur. Voleybolda bürünc medalları qazandınız. Bunlardan futzal komandanız ötən mövsüm uğurlu çıxış etdi. Komanda Azərbaycan Kubokunun qalibi oldu və ölkə çempionluğunu son turda “Araz”a uduzdu. Bu nəticələr qənaətbəxş hesab olunurmu?
– Məqsəd həmişə birinci yerdir. Ancaq bu həmişə alınmır. Futzalda çempionluğu son anda əldən verdik. Deməli, nədəsə səhvə yol verilib. Növbəti mövsüm bu səhvin aradan qalxması üçün çalışmalıyıq. Yeni mövsüm çalışacağıq ki, basketbol, voleybol və futzalda yüksək nəticə əldə edək. Ötən mövsüm olduğu kimi, basketbolda “Neftçi” komandası yenə Azərbaycanı FIBA Avropa Kubokunda təmsil edəcək.
– Futbol komandanız “Qaradağ Lökbatan”ın qarşısında hədəf I Liqa idi. Lakin pley-offda buna nail olmaq mümkün olmadı. Növbəti mövsüm hədəf dəyişməz olaraq qalır?
– 1:0 qalib gəldiyimiz matçın son 10 dəqiqəsində 2 top buraxıb Xaçmazın “Şimal” komandasına uduzduq. Əlbəttə, bizə də II Liqada qalmaq xoş olmadı. Məqsəd I Liqa idi. Baş məşqçi Qəzənfər Abbasov da yaxşı komanda formalaşdırmışdı. Onun futbola yanaşması düzgün idi. Yeni mövsüm üçün hədəflərimiz barədə büdcə dəqiqləşdikdən sonra daha dəqiq məlumat vermək mümkün olacaq.
– Baş sponsorunuz SOCAR-ın minifutbol komandası dövlət qurumları arasında keçirilən 4-cü turnirin qalibi kimi Mərakeşin Kasablanka şəhərində təşkil olunan III Dünya Korporativ Oyunlarında iştirak etdi. Sonda çempion oldunuz. Həmin səfərin iştirakçısı kimi təəssüratlarınızı öyrənərdik...
– Çox çətin formatda keçirilən turnir idi. Bir gündə oyunların çoxluğu və hava şəraitinin isti olması çətinlik yaradırdı. Hər hissə 12 dəqiqədən ibarət idi. Ancaq finalda qırmızı vərəqə almağımız oyunun çətin keçməsinə səbəb oldu. Bununla belə, 1:0 qalib gəldik. Bu, böyük bir uğurdur. Minifutbol komandamızın üzvlərinin hamısı SOCAR işçiləridir. Onlara da bu finalı oynamaq çətin idi. Buna baxmayaraq, yüksək nəticə göstərə bildilər. Finalda qalib gəldiyimiz komanda isə sizin həmkarlar idi, Mərakeşin fransızdilli media qurumunu təmsil edirdi. Yeri gəlmişkən, bu səfərdə yaradılan şəraitə və göstərilən dəstəyə görə SOCAR-ın rəhbərliyinə sizin sayt vasitəsilə dərin minnətdarlığımı bildirirəm.
– “Neftçi”nin 3x3 qadın basketbolu üzrə komandası artıq Fransanın Orlean və Marsel şəhərlərində keçirilmiş mərhələ yarışlarının çempionu olub. Komandada millimizin 2 üzvü də təmsil olunur. Bu barədə nə deyə bilərsiniz?
– 3x3 basketbolunda çox böyük inkişaf var. Fransadakı çempionluqlar çox gözəl uğur sayılmalıdır. “Neftçi SOCAR” kimi beynəlxalq arenada Azərbaycanı uğurla təmsil etməyimiz bizi çox sevindirir. Bu uğurlarda Azərbaycan Basketbol Federasiyasının da əməyi danılmazdır. Ümid edirəm ki, bu uğurlu nəticə ilə Los-Anceles Olimpiadasına da lisenziya qazanacağıq və orada Parisdəkindən daha yaxşı çıxış edəcəyik.
– Son olaraq “Neftçi” ilə bağlı hansı yenilik bizi gözləyir?
– Onu deyə bilərəm ki, artıq loqomuz yenilənib. Yeni loqoda klubun yarandığı 1937-ci il yazılıb. Bununla bağlı Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun imzası olan müvafiq sertifikat da bizə verilib.
