“Zirə”nin braziliyalısı: “Qol imkanlarından maksimum yararlandıq”

9 İyul 2026 10:41
84
“Zirə”nin braziliyalısı: “Qol imkanlarından maksimum yararlandıq”

“Çətin və gərgin oyun alındı”.

Bu sözləri “Zirə”nin futbolçusu Ruan Renato UEFA Konfrans Liqasının birinci təsnifat mərhələsində Gürcüstanın “Torpedo” komandası üzərində 3:0 hesablı qələbədən sonra deyib.

Braziliyalı müdafiəçi qarşılaşmanı belə dəyərləndirib.

“Matçı çətinləşdirən amillərdən biri rəqibin çempionatının davam etməsi, bizim isə qısa müddətdə hazırlaşmağımız idi. Onlar fiziki cəhətdən bizdən daha yaxşı vəziyyətdə idilər. Buna baxmayaraq, yaratdığımız qol imkanlarından maksimum yararlandıq. Oyunun sonunda rəqib hesabla barışmaq istəmirdi, təzyiqi artırmışdı. Onlar cavab oyunu öncəsi top fərqini azaltmaq istəyirdilər. Amma buna imkan vermədik. Düşünürəm ki, səfər matçı öncəsi yaxşı nəticə əldə etdik”, - deyə o sport24.az-a açıqlamasında söyləyib.

Matçda iki qola imza atan Renato bunun onun üçün xüsusi an olduğunu bildirib:

“Bir müdafiəçi üçün dubl etmək gözlənilən deyil. Çünki mənim əsas vəzifəm yaxşı müdafiə olunmaqdır. Vurduğum qolların komandama fayda verməsi məni sevindirir. Bu qələbədə komanda yoldaşlarımın da böyük əməyi var. Meydanda yüksək intensivlik nümayiş etdirə bildik. Avrokuboklarda iştirakımız bizim üçün müəyyən mənada gözlənilməz oldu. Biz artıq istirahətə yollanmışdıq. Sonradan belə bir imkan yarandı və məşqçilərimizin hazırladığı proqram sayəsində qısa müddətdə yenidən formamızı bərpa edə bildik”.

İdman.Biz