Meksikanın nüfuzlu “El Heraldo de Mexico” qəzeti dünya idman mətbuatında nadir rast gəlinən və böyük təpkiyə səbəb olan ciddi peşəkarlıq səhvinə yol verib.
İdman.Biz xəbər verir ki, nəşr Kriştianu Ronaldunun zədəsi ilə bağlı hazırladığı xəbərdə Portuqaliya millisinin baş məşqçisi Roberto Martinesin hücum xəttini gücləndirmək üçün “Dioqu Jotanı yenidən heyətə cəlb etməyi” düşündüyünü iddia edib.
Bu məlumatın yayılması həm Portuqaliya, həm də dünya futbol ictimaiyyətində şok effekti yaradıb.

Məsələnin skandal tərəfi ondan ibarətdir ki, “Liverpul”un və Portuqaliya millisinin sabiq ulduzu Dioqu Jota artıq həyatda deyil. Xatırladaq ki, 28 yaşlı futbolçu 2025-ci il iyulun 3-də İspaniyanın Samora əyalətində qardaşı Andre Silva ilə birlikdə keçirdiyi ağır avtomobil qəzası nəticəsində faciəvi şəkildə dünyasını dəyişib. Bir il əvvəl bütün futbol dünyasını yasa boğan bu hadisədən bixəbər olan meksikalı jurnalistlərin Jotanı "canlı oyunçu" kimi təqdim etməsi etik normaların kobud şəkildə pozulması kimi qiymətləndirilib.
Qəzetin xəbərinin digər hissəsi – Kriştianu Ronaldunun zədəli olması isə həqiqətdir. “Əl-Nəsr”in hücumçusu fevralın sonunda “Əl-Fayha” ilə oyunda bud nahiyəsindən zədə alıb. Bu səbəbdən onun martın 28-də Mexiko şəhərində Meksika millisinə qarşı keçiriləcək yoldaşlıq görüşündə iştirakı sual altındadır. Hətta Ronaldunun yoxluğu ehtimalına görə sözügedən oyunun bilet qiymətlərində kəskin ucuzlaşma müşahidə olunur.
