“Sumqayıt” futbol klubundan legioner məsələsi ilə bağlı İDMAN.BİZ-ə AÇIQLAMA

10 Mart 2026 16:08
68
“Sumqayıt” futbol klubundan legioner məsələsi ilə bağlı İDMAN.BİZ-ə AÇIQLAMA

“Karvan-Yevlax” ilə oyundan sonra komandamızın baş məşqçisi Saşa İliç mətbuat konfransında çıxışı zamanı bildirib ki, bundan sonra daha çox gənc və yerli futbolçulara şans veriləcək. O, qərarın klub rəhbərliyi ilə aparılan müzakirələrdən sonra verildiyini vurğulayıb”.

Bu barədə “kimyaçılar”ın sözçüsü Zaur Xudiyev İdman.Biz-ə məlumat verib.

O bildirib ki, məşqçinin bu fikirləri bəzi media orqanlarında yanlış formada təqdim olunub:

“Yanlış şərhlərdə guya klubun strategiyasını dəyişdiyi, komandanın hədəflərdən geri çəkildiyi və yalnız yerli futbolçularla çıxış edəcəyi iddia edilib. Məsələnin bu şəkildə təqdim olunması klub olaraq bizi narahat edir”.

Zaur Xudiyev əlavə edib ki, “Sumqayıt” FK hələ yaradıldığı gündən yerli futbolçuların inkişafına önəm verir:

“Bu qərar həm klub rəhbərliyi, həm də baş məşqçinin birgə müzakirəsinin nəticəsidir. İctimaiyyətə yaxşı məlumdur ki, “Sumqayıt” Futbol Klubu yarandığı gündən etibarən yerli futbolçuların inkişafına xüsusi önəm verib. Klubun əsas strategiyası akademiyadan yetişən gənclərə və digər yerli oyunçulara şans yaratmaq, eyni zamanda əcnəbi futbolçuların cəlbi ilə balanslı və rəqabətədavamlı kollektiv formalaşdırmaqdır. Məqsəd Azərbaycan futboluna töhfə vermək və ölkəni beynəlxalq arenada layiqincə təmsil etməkdir.

Hazırkı vəziyyətdə qəbul edilən qərar isə sırf mövcud şəraitlə bağlıdır. Belə ki, komandanın bir sıra əsas əcnəbi futbolçuları zədə və cəza səbəbindən heyətdən kənarda qalıb. Ronaldo Vaskes və Roi Kehat zədəlidir. Aleksandr Ramalinqom və Nikola Ninkovic isə cəzalı olduqları üçün meydana çıxa bilmirlər. Dörd əsas heyət üzvünün eyni vaxtda sıradan çıxması məşqçilər heyətini alternativ variantlara yönəlməyə məcbur edir. Bu səbəbdən boşluqlar akademiyanın yetirmələri və yerli futbolçular hesabına doldurulur.

Bu məqamın klub strategiyasının dəyişməsi kimi qələmə verilməsi düzgün deyil. Klubun uzunmüddətli inkişaf xətti dəyişməz olaraq qalır və yerli-əcnəbi balansına əsaslanan komanda modeli bundan sonra da qorunacaq.

Zədəlilərin və cəzalının müddəti başa çatdıqdan sonra onlar yenidən komandanın sərəncamında olacaqlar. Eyni zamanda, hazırda formasından uzaq olan Abdul Raşid Mumini də optimal vəziyyətini bərpa etdikdən sonra heyətə qayıdacaq.

Klubun nə yalnız yerli futbolçularla çıxış etmək, nə də yerli oyunçulara şans vermədən yalnız əcnəbilərə üstünlük tanımaq kimi bir yanaşması var. Belə bir prinsip nə indiyədək mövcud olub, nə də gələcəkdə mümkün ola bilər. Klub balanslı inkişaf strategiyasına sadiq qalaraq fəaliyyətini davam etdirir”.

İdman.Biz