Emmanuel Addai “Qarabağ”dan ayrılır: Avropa nəhəngləri növbəyə durub

6 Mart 2026 16:04
104
Emmanuel Addai “Qarabağ”dan ayrılır: Avropa nəhəngləri növbəyə durub

“Qarabağ”ın hücumçusu Emmanuel Addai karyerasını Avropanın “Top-5” liqalarından birində davam etdirə bilər. 24 yaşlı futbolçunun Ağdam klubu ilə müqaviləsinin bu yay başa çatması transfer iddialarını daha da gücləndirib.

İdman.Biz “Football Insider” nəşrinə istinadla xəbər verir ki, bir neçə Britaniya klubu, həmçinin İtaliyanın “Napoli” və Almaniyanın “Ayntraxt” (Frankfurt) komandaları qanalı vingerlə yaxından maraqlanır. Frankfurt təmsilçisinin hələ qış transfer pəncərəsində Addai üçün rəsmi təklif göndərdiyi, lakin həmin vaxt mənfi cavab aldığı bildirilir. Hazırda futbolçu azad agent statusu ilə yeni klubuna qoşulmaq imkanına malikdir.

Cari mövsümdə Çempionlar Liqasında “Nyukasl”, “Çelsi” və “Ayaks” kimi klublara qarşı oyunu ilə diqqət çəkən Addai, yerli turnirlərdə də məhsuldarlığı ilə seçilir. O, son olaraq Azərbaycan Kubokunda dubl edərək “Qarabağ”ın yarımfinala yüksəlməsində böyük pay sahibi olub.

Mütəxəssislərin fikrincə, Addainin bu yay keçiriləcək dünya çempionatında Qana milli komandasının heyətinə dəvət alacağı gözlənilir. Hətta onun qrup mərhələsində İngiltərəyə qarşı meydanda olacağı da ehtimallar arasındadır.

İdman.Biz