Madridin “Atletiko” futbol klubu 2011-ci ildən komandaya rəhbərlik edən Dieqo Simeonenin mümkün gedişinə hazırlaşır. “Matrasçılar”ın (klubun ləqəbi) əsas hədəflərində biri isə Yurgen Kloppdur.
İdman.Biz xəbər verir ki, Kloppun Madridin digər təmsilçisi “Real”ın təklifini rədd etdiyi bildirilir. Almaniyalı mütəxəssis “kral klubu”ndakı bəzi futbolçuların yüksək eqosuna görə orada layihə qurmağa isti baxmayıb. Lakin “Atletiko”nun təklifi onun üçün maraqlı görünüb.
Məlumata görə, Yurgen Klopp “Atletiko”nu “Barselona” və “Real”a qarşı real rəqabət apara biləcək səviyyəyə çatdırmaqda maraqlıdır. O, Madrid təmsilçisində yeni və iddialı bir layihə üzərində işləməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, “Atletiko” rəhbərliyi həmçinin komandanın keçmiş oyunçusu Arda Turanın da komandanın sükanı arxasına gətirilməsi variantına baxır.
