Bu yay keçiriləcək futbol üzrə dünya çempionatı yaxınlaşdıqca, İspaniya millisinin heyəti ilə bağlı müzakirələr alovlanmağa başlayıb. Əsas debat mövzusu isə komandanın “onurğa sütunu” hesab olunan mərkəz müdafiəsi ilə bağlıdır.
İdman.Biz İspaniya mətbuatına istinadla xəbər verir ki, hazırda millinin əsas müdafiəçiləri hesab olunan bəzi adların performansı ciddi suallar doğurur. Xüsusilə “Real”da çıxış edən gənc istedad Din Heysen son aylarda gözlənilən səviyyədən uzaqdır. Onun oyununda müşahidə olunan konsentrasiya əskikliyi və kritik səhvlər mütəxəssisləri narahat edir. Eyni zamanda, “Atletiko”nun təcrübəli üzvü Robin Le Norman da bu mövsüm qeyri-sabit çıxışı ilə diqqət çəkir.
Bu vəziyyətdə isə iki yeni ad - Mark Pubill və Pau Kubarsi ön plana çıxır.
Madrid təmsilçisində nümayiş etdirdiyi fiziki güc, yetkin oyun tərzi və hava toplarındakı hakimiyyəti ilə Pubill cari mövsümün ən böyük sürprizlərindən birinə çevrilib.
Gənc yaşına baxmayaraq, “Barselona”da göstərdiyi soyuqqanlılıq və hücum qurmaq bacarığı Kubarsini Avropanın ən perspektivli müdafiəçiləri sırasına daxil edib.
Analitiklərin fikrincə, Luis de la Fuente riskə gedərək dünya çempionatında məhz bu gənc dueti əsas heyətdə sınaqdan keçirməlidir. Bu addım həm müasir futbolun tələblərinə cavab verən dinamik müdafiə qurmaq, həm də gələcək nəsillər üçün yeni bir era başlatmaq mənasına gələ bilər.
