“Zirə”nin heyətində 200 oyuna çıxmaq komandanın kapitanı Qismət Alıyev üçün böyük sevincdir.
Cinah müdafiəçisi “qartallar”ın heyətində yubiley matçına çıxması ilə bağlı fikirlərini bölüşüb.
“Zirə”də 200 oyun keçirmək həqiqətən mənim üçün böyük sevincdir. Çıxdığım hər matçda ən yaxşısını etməyə çalışmışam. Bu rəqəmin nə qədər artacağını proqnozlaşdıra bilmərəm. Bu klubun formasını geyindiyim müddətdə böyük qələbələr üçün azarkeşlərimizi sevindirməyə çalışacağam”, - deyə o, report.az-a açıqlamasında bildirib.
Q.Alıyev “Sumqayıt”ı 2:0 hesabı ilə məğlub etdikləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunu haqqında da danışıb:
“Kubok hər iki kollektiv üçün çox önəmli idi. “Sumqayıt”la qısa müddətdə iki dəfə üz-üzə gəldik. Rəqiblər bir-birini yaxşı tanıyırdı. Onların da heyətində yaxşı, usta futbolçular var. Komanda şəklində matça böyük istəklə hazırlaşmışdıq. Sonda çox vacib qalibiyyət əldə etdik və yarımfinala vəsiqə qazandıq”.
Qeyd edək ki, “Sumqayıt”la oyun Qismət Alıyev üçün yubileylə əlamətdar olub.
