“Mənim üçün fərqi yoxdur. Bizi ölkə kubokunda daha iki oyun gözləyir. Finala çıxmaq üçün əlimizdən gələni edəcəyik”.
Bunu “Qarabağ”ın braziliyalı futbolçusu Kadi Borges sport24.az-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik.
- Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda “Şamaxı”nı 3:1 hesabı ilə məğlub etdiniz. Oyunla bağlı nə deyə bilərsiniz?
- Bizim üçün bütün yarışlar önəmlidir. Həm çempionat, həm də kuboku buna şamil edirəm. Qatıldığım turnirdə qarşımıza maksimum hədəflər qoyuruq. Premyer Liqada çempion olmaq istəyiriksə, ölkə kubokunda da hədəfimiz eynidir. İlk görüşdə nəticə bizim xeyrimizə olmasa da, geridönüş edə bildik. Düşünürəm ki, cavab qarşılaşmasında yaxşı oynadıq. Layiqli qələbə ilə yarımfinala yüksəldik.
- Matçın əlavə vaxta getmək ehtimalı var idi. Rəqib futbolçu penaltini boşa verdi…
- Futboldur. Belə şeylərə hazır olmaq lazımdır. Əgər penaltini düzgün yerinə yetirsəydi, əlavə vaxtda da mübarizə aparmağa hazır idik. Belə hallar olur.
- Yarımfinaldakı rəqibiniz bu gün bəlli olacaq. “Sabah”, yoxsa “Qəbələ” ilə qarşılaşmaq istəyirsiniz?
- Mənim üçün fərqi yoxdur. Bizi ölkə kubokunda daha iki oyun gözləyir. Finala çıxmaq üçün əlimizdən gələni edəcəyik.
- Yavaş-yavaş mövsümün sonuna yaxınlaşırıq. Hər iki cəbhədə çempion ola biləcəksiniz?
- Futbolda hər nəticə mümkündür. Amma niyə də yox?
