“Oyun əlavə vaxta getmədi. Əsas olan budur”.
Bunu “Qarabağ”ın monteneqrolu futbolçusu Marko Yankoviç sport24.az-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik.
- Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda “Şamaxı”nı 3:1 hesabı ilə üstələdiniz. Matç haqqında nə deyə bilərsiniz?
- Həqiqətən yaxşı qarşılaşma oldu. Oyuna çox yaxşı başladıq. Sonra müəyyən problemlər yaşadıq, amma ən vacib odur ki, ikinci hissəyə də yenə yaxşı start verdik və oyuna nəzarəti ələ aldıq. Düşünürəm ki, qələbəyə layiq idik. Komandamı bu münasibətlə təbrik edirəm.
- İlk qolu siz vursanız da, qapınızda top gördünüz. Bu proses növbəti dəqiqələrdə üzərinizdə təzyiq yaratdı?
- Xeyr. Bu, normaldır, futbolda belə hallar olur. Görürsünüz ki, nə qədər çox oyun keçiririk. Ona görə də bu, təbiidir. Sadəcə çalışmalıyıq ki, belə qollar buraxmayaq və gələcəkdə daha da yaxşı olaq.
- Son dəqiqədə rəqib penaltidən yararlana bilmədi. Həmin an əlavə vaxt haqqında düşündünüz?
- Oyun əlavə vaxta getmədi. Əsas olan budur. Rəqib futbolçu penaltini qaçırdı və məsələ bununla da bitdi. Əgər o, qol vursaydı, əlavə vaxt oynayacaqdıq və yenə qələbə üçün mübarizə aparacaqdıq. Bu barədə başqa nə deyə bilərəm?
- Yarımfinalda hansı komanda ilə üz-üzə gəlmək istərdiniz? “Qəbələ”, yoxsa “Sabah”?
- Bu iki kollektivdən biri rəqibimiz olacaq. Birlikdə görəcəyik. Kubok xüsusi yarışdır və hansı komanda ilə qarşılaşsaq, çətin olacaq. Hər kəs kuboku qazanmaq istəyir. Amma hazırda bizim üçün ən vacibi çempionatda növbəti oyundur. Çünki liderdən (red: “Sabah”) bir neçə xal geri qalırıq. İndi diqqətimiz tam olaraq buna yönəlib. Addım-addım, oyundan-oyuna irəliləyəcəyik.
- Hazırda “Qarabağ” həm Azərbaycan Kubokunda, həm də Premyer Liqada mübarizə aparır. Hədəf hər iki turnirdə çempion olmaqdır?
- Əlbəttə. Məhz bunun üçün çalışırıq. Nəticəmizə mövsümün sonunda baxacağıq. Hələ qarşıda çox oyun var.
