“Hakimlər hər ölkədə eynidir. Onlar da səhv edirlər. Bəzən bu səhvlər həddindən artıq çox olur, xüsusən də böyük komandaların oyunlarında belə hallara rast gəlinir”.
Bunu “Neftçi”nin sabiq futbolçusu Mark Tamaş futbolinfo.az-a müsahibəsində deyib.
31 yaşlı müdafiəçi 2023-cü ilin yayından 2025-ci ilin yanvarınadək Azərbaycanda çıxış etdiyi dövr və bir sıra digər məsələlər barədə danışıb.
Həmin müsahibəni təqdim edirik.
– Hazırda “Diosgyor”da karyeranız necə davam edir?
– Hər şey qaydasındadır. Hazırda öz vətənimdə – Macarıstanda çıxış edirəm. Buna görə xoşbəxtəm.
– “Neftçi”nin oyunlarını izləmək imkanınız olurmu?
– Oyunları mütəmadi izləyə bilmirəm, amma nəticələrdən xəbərdaram. İndi bəzi matçlarda qalib gəldiklərini görmək məni sevindirir. Son oyunlarda məğlub olmurlar. Bilirəm ki, bir çox dəyişikliklər baş verib. Hər şey belə davam etsə, istəklərinə çatacaqlarına inanıram.
– Baş məşqçi Yuri Vernidubun rəhbərliyi altında komanda 7 oyundur ki, məğlub olmur. Sizcə, o, indiki heyətlə “Neftçi”ni avrokuboklara apara bilərmi?
– Niyə də yox? Bunun üçün mübarizə aparmaq lazımdır. Futbolda hər şey mümkündür.
– Komandada Vensan Abubakar kimi tanınmış oyunçular var. Hazırkı heyəti öz dövründəki “Neftçi” ilə necə müqayisə edərdiniz?
– Hesab edirəm ki, bizim vaxtımızda da çox güclü heyət var idi. 2023/2024 mövsümündə az qala mövsümü ikinci pillədə başa vuracaqdıq. Lakin son turda “Sabah”a uduzduğumuz üçün çempionatı 5-ci yerdə tamamladıq. Belə olduğundan avrokuboklara vəsiqə əldə etmək istəyimiz baş tutmadı.
– Son vaxtlar “Neftçi” hakim qərarları ilə bağlı problemlərlə üzləşir. Macarıstanda da hakimliklə bağlı narazılıqlar mövcuddur?
– Hakimlər hər ölkədə eynidir. Onlar da səhv edirlər. Bəzən bu səhvlər həddindən artıq çox olur, xüsusən də böyük komandaların oyunlarında belə hallara rast gəlinir. Səbəbini açıq deyə bilmərəm. Bu barədə çox düşünmürəm.
– “Neftçi”dən hələ də əlaqə saxladığınız kimsə var?
– Heyətdən çox sayda oyunçu ilə əlaqəm yoxdur, çünki komanda demək olar ki, tamamilə yenilənib. Amma klubda çalışan bəzi insanlarla vaxtaşırı danışıram.
– Bu mövsüm “Sabah” “Qarabağ”la yanaşı əsas çempionluq namizədlərindən biri hesab olunur. Sizcə, bu mümkündür?
– Düşünürəm ki, bu il “Sabah” Premyer Liqanın çempionu olacaq.
– Azərbaycanla bağlı hansı xatirələriniz var?
– Yalnız xoş xatirələrim var. Həm Bakını, həm də oradakı insanları çox sevirəm!
