Nigar Mirzəliyeva Bundesliqada çıxış edən ilk azərbaycanlı qadın futbolçudur. Bir ay əvvəl o, Rusiyanın “Zenit” klubundan Almaniyanın “Hamburq” komandasına transfer olunub. Almaniyada artıq iki oyunda meydana çıxan futbolçu hazırda dünya çempionatının seçmə mərhələsində Şimali Makedoniya ilə keçiriləcək görüş ərəfəsində millinin təlim-məşq toplanışı üçün Azərbaycandadır.
O, İdman.Biz-ə müsahibəsində Bundesliqadakı ilk oyunları ilə bağlı təəssüratlarını bölüşüb.
“Almaniyada qadın futbolu həqiqətən də çox inkişaf edib. Hər matçda azarkeşlərin böyük dəstəyini görürük, tribunalar dolu olur. Avropada qadın futbolunun bu qədər sevilməsini görmək çox xoşdur. Bu, bizə əlavə güc verir və biz də yaxşı oyun göstəririk”, – deyə o bildirib.
Mirzəliyeva Bundesliqadakı çıxışını da dəyərləndirib: “Pis oynamadım. Amma komandaya uyğunlaşma məsələsi var – bu baxımdan müəyyən çətinliklər yaranır, çünki dili bilmirəm. Lakin klub rəhbərliyinə təşəkkür edirəm ki, özümü yad hiss etmirəm. Komanda yoldaşlarım və məşqçilər heyəti məni dəstəkləyir. Düşünürəm ki, ilk dəfə hər kəs çətinlik yaşayır – həm dil baxımından, həm də tanımadığın ölkəyə köçəndə. Bu, çətindir, amma sonradan öyrəşirsən”.
Futbolçu bildirib ki, millinin toplanışından sonra alman dilini öyrənməyə başlayacaq. Bu vaxta qədər isə “Hamburq”da dil baryerini aşmaqda ona Türkiyədən olan məşqçinin köməkçisi və komanda yoldaşı yardım edib.
“Mən bütün qızlarla eyni şəkildə ünsiyyət qururam, dostluq edirik. Onlar məndən bizim futbol, millimiz barədə soruşurlar. Onlara videolar və şəkillər göstərir, oyunlarımız haqqında danışıram” – deyə müsahibimiz qeyd edib.
O əlavə edib ki, komandanın ona olan səmimi münasibəti almanlarla bağlı stereotipi dağıdıb: “Eşitmişdim ki, almanlar bir qədər kobud və ciddi olurlar. Amma bunu özümə qarşı hiss etmədim. Komanda mənə çox yaxşı yanaşır, onlar mehribandırlar, ailə kimi birləşiblər. Deyərdim ki, hər yerdə həm yaxşı, həm də pis insanlar var, amma mənim mühitimdə yalnız yaxşı insanlarla qarşılaşmışam”.
Mirzəliyeva şəhəri də bəyəndiyini vurğulayıb: “Avropada ilk dəfədir yaşayıb oynayıram, indi uyğunlaşıram. Amma Hamburq gözəl və maraqlı şəhərdir”.
Bununla yanaşı, futbolçu yaxınlarından uzaqda olmağın çətin olduğunu da gizlətməyib: “Doğmaları üçün çox darıxıram, bu, mənim üçün bir qədər ağırdır. Amma məqsədlərim var, buna görə səbirli olmalıyam. Öz üzərimdə daha çox işləmək istəyirəm. Məqsədim daha güclü top-klublarda oynamaqdır. Düşünürəm ki, uğura aparan yol Hamburqdan keçəcək”.
