İranı futbol üzrə 2026-cı il dünya çempionatında kim əvəz edə bilər: İki mümkün variant - İDMAN.BİZ-in İCMALI

2 Mart 2026 14:09
117
İranı futbol üzrə 2026-cı il dünya çempionatında kim əvəz edə bilər: İki mümkün variant - İDMAN.BİZ-in İCMALI

İran yığmasının 2026-cı il dünya çempionatında iştirakdan mümkün imtinası ssenarisi turnirdə onun yerini kimin tuta biləcəyi sualını aktuallaşdırıb.

İdman.Biz xəbər verir ki, daha əvvəl İran Futbol Federasiyasının prezidenti Mehdi Tac ölkənin bombalanması fonunda mövcud şəraitdə komandanın mundiala “ümidlə baxmasının” çətin olduğunu bildirib və bu açıqlama yığmanın iştirakını sual altına alıb.

Ən çox müzakirə olunan variant İraq millisinin birbaşa dünya çempionatının final mərhələsinə yüksəldilməsidir. İraq Asiya pley-off mərhələsində BƏƏ-ni keçərək Əbu-Dabidə 1:1 hesablı heç-heçə edib, Bəsrədə isə 2:1 qalib gəlib və iki oyunun nəticəsinə görə 3:2 hesabı ilə qitələrarası pley-offa vəsiqə qazanıb. Hazırda iraqlılar həlledici mərhələni gözləyirlər. Onlar ikinci mərhələdə Boliviya – Surinam cütünün qalibi ilə qarşılaşacaq.

Əgər FIFA İranı məhz İraq hesabına əvəz etmək qərarı versə, bu ölkənin millisi birbaşa mundialın final mərhələsinə vəsiqə ala bilər. Bu halda İraqın qitələrarası pley-offdakı boş qalan yeri məntiqi olaraq növbəti mərhələyə yüksəlməyə bir addım qalmış son Asiya komandası kimi BƏƏ-yə verilə bilər. Belə ssenari idman prinsipini qorumağa və artıq təsdiqlənmiş pley-off cədvəlinə minimum müdaxilə etməyə imkan verər.

İkinci, daha az ehtimal olunan variant isə İraqın statusunu dəyişmədən BƏƏ-nin birbaşa dünya çempionatı iştirakçıları sırasına daxil edilməsidir. Lakin bu halda FIFA artıq formalaşmış qitələrarası turnirin strukturunu nəzərə alaraq iştirakçı balansına daha ciddi düzəlişlər etməli olacaq.

FIFA isə öz növbəsində İran ətrafında baş verən hadisələrin inkişafını diqqətlə izlədiyini və hələlik rəsmi qərar qəbul etmədiyini bəyan edib. Turnirin reqlamenti təşkilata yığmalardan birinin yarışdan çəkilməsi və ya kənarlaşdırılması halında əvəzedicini öz mülahizəsinə əsasən müəyyən etmək hüququ verir. Buna görə də son söz dünya futbolunun rəhbər orqanlarının qərarından asılı olacaq.

İdman.Biz