UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü futbol dünyasına unudulmaz bir cütlük bəxş edib. Türkiyə çempionu “Qalatasaray” pley-off mərhələsinin ən iddialı komandalarından biri olan İngiltərənin “Liverpul” klubu ilə qarşılaşacaq.
İdman.Biz xəbər verir ki, Okan Burukun rəhbərlik etdiyi “sarı-qırmızılılar” bu mərhələyə dramatik mübarizə nəticəsində vəsiqə qazanıblar. Pley-off raundunda İtaliya nəhəngi “Yuventus”la üz-üzə gələn İstanbul təmsilçisi, ümumi hesabda 7:5 (evdə 5:2, səfərdə 3:2) qalib gələrək Avropanı təccübləndiriblər. “Liverpul” isə Liqa mərhələsini ilk səkkizlikdə tamamladığı üçün birbaşa 1/8 finala yüksəlmişdi.
Statistika “Qalatasaray”ın tərəfindədir
Bu iki klubun Avropa arenalarındakı rəqabəti hər zaman gərginliyi ilə seçilib. İndiyədək tərəflər rəsmi turnirlərdə beş dəfə qarşılaşıblar və ümumi statistikada İstanbul təmsilçisi üstünlüyə malikdir:
- 20 fevral 2002 (ÇL): “Liverpul” 0:0 “Qalatasaray”
- 26 fevral 2002 (ÇL): “Qalatasaray” 1:1 “Liverpul”
- 27 sentyabr 2006 (ÇL): “Liverpul” 3:2 “Qalatasaray”
- 5 dekabr 2006 (ÇL): “Qalatasaray” 3:2 “Liverpul”
- 30 sentyabr 2025 ( UEFA Liqa mərhələsi): “Qalatasaray” 1:0 “Liverpul”
Keçirilən beş oyundan ikisində “Qalatasaray”, birində isə “Liverpul” qələbə qazanıb, iki matç isə bərabərliklə yekunlaşıb. Top fərqində də 7:6 hesabı ilə “sarı-qırmızılılar” öndədir.
Viktor Osimhen: İstanbul şokunun “hücum ucu”
Nigeriyalı forvard “Qalatasaray”ın “Yuventus” səddini keçməsinin əsas səbəbi olub. Osimhen hazırda fiziki formasının zirvəsindədir. Okan Burukun sistemində o, nəinki hücumları tamamlayan, həm də bütün hava mübarizələrini qazanan klassik “targetmen” rolunu yerinə yetirir. Onun sentyabrda “Liverpul”a qarşı keçirilən matçdakı qolu (1:0) sübut etdi ki, Arne Slotun müdafiəsi nigeriyalının müdafiə arxasına sürətli qaçışları qarşısında acizdir.
Məhəmməd Salah: Mersisayd hücumlarının “memarı”
Yaşına baxmayaraq, Salah “Liverpul”un ən təhlükəli oyunçusu olaraq qalır. Bu mövsüm Arne Slot onun rolunu bir qədər dəyişib: misirli futbolçu daha tez-tez dərinliyə enərək pleymeyker funksiyalarını yerinə yetirməyə başlayıb ki, bunu onun 11 məhsuldar ötürməsi də təsdiqləyir. Onun pley-off matçlarındakı təcrübəsi ingilislər üçün nəhəng kozırdır. Salah məhdud məkanda oyun ustasıdır ki, bu da türklərin müdafiəsinin adətən sıx oynadığı “Rams Park”da kritik əhəmiyyət kəsb edəcək.
İlk sınaq “Rams Park”da
Püşkün nəticəsinə görə, 1/8 finalın ilk qarşılaşması İstanbulda, “Rams Park” stadionunda baş tutacaq. Martın 11-nə planlaşdırılan görüşdə “sarı-qırmızılılar” möhtəşəm azarkeş dəstəyi ilə üstünlük qazanmağa çalışacaqlar. Martın 18-də “Enfild”dəki cavab oyunu öncəsi əlverişli nəticə əldə etmək Türkiyə təmsilçisi üçün həyati əhəmiyyət daşıyır.
Arne Slotun başçılıq etdiyi “Liverpul” isə builki Çempionlar Liqasının əsas favoritlərindən biri hesab olunur. Heyət dəyəri 1 milyard avro (2 milyard AZN) olan İngiltərə klubu texniki üstünlüyə malik olsa da, “Qalatasaray”ın 336 milyon avroluq (672 milyon AZN) döyüşkən heyəti və hücum potensialı sürprizlər vəd edir.
